Sosial şəbəkələrdə geniş yayılaraq milyonlarla insana çatan "infarktların 80%-i səhər edilən bir səhvdən qaynaqlanır” iddiası ciddi müzakirələrə səbəb olub.
İddiada xüsusilə səhər yataqdan ani qalxmağın ürək dayanmasına səbəb ola biləcəyi irəli sürülür. Lakin kardioloqlar bu məlumatın elmi əsasının olmadığını və məsələnin daha kompleks olduğunu bildirirlər.
Mütəxəssislər qeyd edirlər ki, səhər saatlarında infarktların daha çox müşahidə olunması doğrudur, lakin bunun səbəbi ani qalxmaq deyil. Bu dövrdə orqanizmdə stress hormonlarının (adrenalin və kortizol) artması, qan təzyiqinin yüksəlməsi, damarların daha həssas olması və qanın laxtalanma meylinin güclənməsi kimi fizioloji dəyişikliklər baş verir.
Qaynarinfo xəbər verir ki, kardiologiya üzrə mütəxəssis, dosent Dr. Özge Özden Kayhan bildirib ki, yataqdan qalxarkən ilk saniyələrdə qan təzyiqi qısa müddətlik düşə bilər. Bu zaman qan yerə doğru yönəlir və bədəndə başgicəllənmə və göz qaralması yarana bilər. Lakin orqanizm bu vəziyyəti saniyələr içində kompensasiya edir.
Həkimin sözlərinə görə, sağlam insanlarda bu dəyişikliklər normal sayılır və təhlükə yaratmır. Risk əsasən yüksək təzyiq, damar sərtliyi, şəkərli diabet, siqaret istifadəsi və yaşlılıq kimi faktorları olan şəxslərdə artır.
"Yuxudan oyanarkən bədən aktiv rejimə keçir, ürək döyüntüsü və təzyiq yüksəlir. Bu, fizioloji və normal prosesdir. Lakin müəyyən risk qruplarında səhər saatları ürək-damar sistemi üçün daha həssas dövr hesab olunur,” – deyə kardioloq bildirib.
Mütəxəssis əlavə edib ki, ani olaraq qalxmaq gənc və sağlam insanlarda ciddi problem yaratmasa da, risk qrupuna daxil olan şəxslər üçün ehtiyatlı davranmaq tövsiyə olunur.
Eyni zamanda vurğulanır ki, infarktın əsas risk faktorları siqaret, yüksək xolesterin, yüksək təzyiq, diabet, artıq çəki, hərəkətsizlik və genetik meyillilikdir. Hətta zahirən sağlam görünən insanlarda belə gizli damar problemləri ola bilər.
Həkimlər sosial mediada yayılan "60 saniyəlik səhər protokolu” kimi tövsiyələrin elmi cəhətdən tam sübut olunmadığını da qeyd edirlər. Onların sözlərinə görə, su içmək və yavaş qalxmaq faydalı vərdiş ola bilər, lakin infarktın qarşısını təkbaşına almaq üçün kifayət deyil.
Ümumilikdə mütəxəssislər bildirirlər ki, ürək sağlamlığının qorunması üçün əsas amillər sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və risk faktorlarının nəzarətdə saxlanılmasıdır.
Günay
Şərhlər