Xəbər lenti

Rəqəmsallaşma sürətlənir, çətinliklər isə qalır:
Texnologiya 16:23 19.12.2025

Rəqəmsallaşma sürətlənir, çətinliklər isə qalır: "Başa düşülən sistem vacibdir"

(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb.)

Müasir dövrü informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək qeyri-mümkündür. Hazırda, demək olar, bütün sahələr-dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi-sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir. 

Müasir dövrdə vətəndaşların dövlət qurumları ilə əlaqələrinin qurulmasında həmçinin rəqəmsallaşma prosesinin mühüm rolu vardır. Bu mənada maraqlıdır, görəsən, cari ildə dövlət qurumlarının rəqəmsal transformasiyası sahəsində Azərbaycanda hansı nailiyyətlər əldə olunub və prosesin daha da sürətlənməsi üçün həmin sahədə daha hansı addımların atılması vacibdir? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında internet eksperti Elvin Abbasov bildirir ki, 2025-ci il Azərbaycanda dövlət qurumlarının rəqəmsal transformasiyası sahəsində ən faydalı və məhsuldar il olub:



"Bu il ölkənin internet əlçatanlığı ilə tam təmin olunmasının yekun ili idi. Buna qədər bəzi dövlət qurumlarında xidmət prosesi fiziki iştirakla həll olunurdusa, artıq dövlət qurumlarının xidmətlərinin 90 faizi rəqəmsallaşıb. Həm onların öz vebsaytları, mobiloplikeyşn üzərindən, həm də vahid "Maygov” üzərindən bu xidmətlər vətəndaşlar üçün əlçatan olub. Habelə dövlət qurumlarının bir-birinə inteqrasiyası da cari ildə məhsuldar olub. Əvvəllər tenderlərdə təqdim olunan platfortmaların istədiyi arayışları başqa qurumlardan əllə alır və ya onlayn alıb, bu platformaya əllə yükləyirdik. İndi isə lazım olan arayış və sənədlər həmin vergi portalında vətəndaşın iştirakı olmadan da onun adına inteqrasiya olunur. Bu baxımdan 2025-ci il rəqəmsal transformasiya sahəsində olduqca faydalı il hesab olunur". 

Ekspert qeyd edir ki, Azərbaycanda genişzolaqlı, sabit internet xətti artıq ölkə böyünca bütün ərazilərdə öz həllini tapıb: 

"Ona müvafiq olaraq vətəndaşların dövlət xidmətlərinə onlayn olaraq əlçatanlığı da artıb. Vətəndaşlar evdə oturmaqla dövlət qurumlarından lazım olan sənədləri əldə edir".



Bununla yanaşı, həmsöhbətimiz düşünür ki, rəqəmsallaşma prosesi başa düşülən formada olmalıdır. Elvin Abbasov deyir ki, bu istiqamətdə müəyyən işlər görülməlidir: 

"Təbii ki, sözügedən istiqamətdə görüləsi işlər də çoxdur. Dövlət qurumları arasındakı inteqrasiya, nazirliklər, agentliklərdəki xidmətlər tamamilə rəqəmsallaşmalı, vətəndaş üçün əlçatan olmaqla yanaşı, başa düşülən formada olmalıdır. Bəzən elə rəqəmsal xidmətlər yaradılır ki, onun rəqəmsal olması vətəndaşa daha böyük çətinlik yaradır. Ölkə vətəndaşlarının rəqəmsal vərdişləri o qədər də inkişaf etməyib. Yəni bir sıra hallarda fiziki xidmətləri rəqəmsal xidmətə çevirərkən, mexanizmləri o qədər qəliz edirlər ki, vətəndaş üçün mürəkkəb iş prinsipi yaranır. Ona görə də bu istiqamətdə müəyyən yeniliklərin edilməsinə ehtiyac var”. 

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->