Xəbər lenti

Tətil günlərində uşaqlara verilən tapşırıqlar: Balans necə qorunmalıdır?
Ölkə 17:00 31.03.2026

Tətil günlərində uşaqlara verilən tapşırıqlar: Balans necə qorunmalıdır?

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb)
 
Tətil günlərində, xüsusi ilə daha çox olan bayram tətillərində, müəllimlər uşaqlara oxumaq üçün əlavə dərsdən kənar tapşırıqlar verir. Ancaq əksər hallarda uşaqlar bu tapşırıqları yerinə yetirməkdən ya tam imtina edir, ya da öz maraqlarına uyğun gələni oxuyurlar. Tətil günlərində uşaqlara əlavə tapşırıqların verilməsi onların psixoloji vəziyyətinə necə təsir edir? Bu durumda kim haqlıdır, şagirdlər, yoxsa müəllimlər? Məktəblilərin istirahəti necə olmalıdır?

Qaynarinfo-nun suallarını cavablandıran psixoloq Gülnar Orucova bildirib ki, tətil zamanı məktəblilərə verilən tapşırıqları qadağan etmək doğru sayılmır, amma həddən artıq yükləmək də düzgün deyil:

"Verilən tətil günlərinin 60-70 faizi istirahət olmalıdır, 20-30 faiz isə dərs çalışması olmalıdır. Həddən artıq tapşırıq verilərsə, uşaqlarda dərsə qarşı nifrət yaranır, onlar öz asudə vaxtlarını dərsə sərf edəcəklərsə, müəllimlər tərəfindən çox tapşırıqlar veriləcəksə, uşaqlar özlərin tətildə, dincəlmiş hiss etmirlər, aqressiv və gərgin olurlar. Valideyn nəzarəti ilə bu tapşırıqları yerinə yetirdiyi üçün stres daha da artır".
 


Psixoloq qeyd edir ki, buraxılış sinifləri üçün müəyyən tapşırıqlar verilməlidir və bu tapşırıqlar yerinə yetirilməlidir:

"Çünki tamamilə tapşırıq verilməzsə, uşaqlarda passivlik yaranır, oxuma çətinliyi formalaşa bilər. Müəllimlər tapşırıq kimi müəyyən mövzular, ya kitab verə bilər. Məsələn, hər şagird bir kitab seçib oxuya, dərs zamanı isə qısa şəkildə izah edə bilsin. Uşaqlar özləri kitab seçərkən onu oxumağa daha həvəsli olur. Bundan başqa, uşaqlara tətilə uyğun tapşırıqların verilməsi də onlarda maraq yarada bilir. Test tapşırıqları vermək, davamlı yükləmək uşağı yorur, stresə salır, dərsə qarşı həvəssizlik, dərsə qarşı nifrət kimi duyğuları formalaşdırır".

Dərslərin ağırlığı haqqında danışan Gülnar Orucova bildirib ki, son dönəmlərdə məktəblərdə uşaqlar həddən artıq yüklənir:

"Əvvəllər valideynlər aşağı sinif tapşırıqlarına nəzarət edə bilirdisə, indi bunu da edə bilmirlər, çünki tapşırıqlar həddən artıq çətinləşib, həddən artıq yüklənir uşaqlar. Tətil üçün verilən tapşırıqların ağırlıq dərəcəsini hər bir uşaq özü müəyyənləşdirməlidir. Əgər uşaqlar tapşırığın dərəcəsini özləri müəyyən edə bilirsə, azdır deyirsə, beyin istirahət edir, çoxdur deyirsə, gərginlik və əsəblilik artır. Bütün bunların fonunda bu gün kimlərsə deyir ki, orta məktəb materialı ilə universitetə girmək mümkündür. Son dövrlər məktəblərdə yuxarı siniflərdə dərslər ötəri keçirilir. Buna görə də valideynlər repititor tutmağa məcbur olur, davamlı uşaqlara təzyiqlər olunur. Bu gün universitet sadəcə ali təhsil almaq demək, hansısa ixtisasa yiyələndiyini göstərən sənəd deməkdir.Ona görə də uşaqları sıxmaq olmaz".
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Günay İlqarqızı


--> -->