Pul köçürmələri və bağlamaların çatdırılması üzrə avtomatlaşdırılmış xidmətlər sahəsində ixtisaslaşmış "Katech" Qapalı Səhmdar Cəmiyyəti (QSC) maliyyə böhranı keçirir.
Qaynarinfo xəbər verir ki, şirkətin maliyyə vəziyyətinin o qədər də ürəkaçan olmadığı onun dövlətə borcundan görünür.
Bir müddətdir ki, vergi sistemində "Katech" QSC-nin külli miqdarda vergi borcu olduğu göstərilir. Borcun məbləği 483 575,29 manatdır.
"Katech" QSC 2021-ci ildə qeydiyyata alınıb. Həmin vaxt şirkətin adı "Digi Group" MMC olub. 2022-ci ilin martında şirkət "KA Tech" MMC-yə çevrilib. Bir ay sonra isə "Katech" MMC adı altında fəaliyyət göstərib. 2023-ci ildə şirkətin təşkilati-hüquqi forması MMC-dən QSC-yə dəyişdirilib.
"Katech" QSC-nin nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Qurbanov Emil Elman oğludur.
Ötən il Azərbaycan Mərkəzi Bankı (ABM) "Katech" QSC-nin ödəniş xidmətlərini dayandırıb. Bununla bağlı bankın yaydığı məlumatda bildirilir:
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Katech" QSC tərəfindən Qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar olunmuşdur.
Müvafiq pozuntu halı ilə əlaqədar "Katech” QSC barəsində "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər Mərkəzi Bank tərəfindən görülmüş, o cümlədən "Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilmişdir".
Seyid
Şərhlər