Xəbər lenti

Qlobal güc mərkəzi dəyişir: Sülh Şurası səhnəyə çıxır (ŞƏRH)
Dünya 16:10 07.02.2026

Qlobal güc mərkəzi dəyişir: Sülh Şurası səhnəyə çıxır (ŞƏRH)

"Azərbaycanın da sıralarına daxil olduğu Sülh Şurası adlı beynəlxalq təşkilatın gələcəkdə BMT-ni əvəz edərək daha da genişlənəcəyi ehtimallar sırasındadır".
 
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Sülh Şurasının praktik fəaliyyətdə BMT-ni əvəzləyə bilib-bilməyəcəyi və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyəti barədə danışarkən səsləndirib. 
 
Politoloqun sözlərinə görə, artıq uzun müddətdir BMT-nin öz səlahiyyətlərini tam şəkildə icra edə bilmədiyi, böyük güclərin maraqlarının təmin olunduğu bir platformaya çevrildiyi barədə fikirlər mövcuddur:

"Belə bir şəraitdə Sülh Şurasının ilk addım olaraq, demək olar ki, BMT-nin yarandığı gündən mövcud olan İsrail-Fələstin probleminin həlli istiqamətində fəaliyyətə başlaması simvolik məna daşıyır. Təbii ki, bu münaqişə müasir dünyanın ən dərin və ən çətin həll olunan problemlərindən biridir".



Ekspert hesab edib ki, əgər Sülh Şurası İsrail-Fələstin münaqişəsinin həllinə real töhfə verə bilsə, bu halda BMT-nin ya nüfuzdan düşməsi, ya da tədricən sıradan çıxaraq yerini yeni quruma verməsi qaçılmaz olacaq: 

"Xüsusilə də müxtəlif maraqların kəskin şəkildə toqquşduğu indiki dövrdə bu məsələ reallaşacaq".

Azər Qasımovun fikrincə, Sülh Şurası yeni dünya düzənində mühüm rol oynaya bilər: 

"Artıq bu istiqamətdə real fəaliyyətə başlanılıb. Azərbaycanın bu Şuranın tərkibində yer alması bizim üçün çox mühüm hadisədir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir və Azərbaycanın sülhə verdiyi töhfələrin qiymətləndirilməsidir".

Politoloq vurğulayıb ki, Sülh Şurasının yeni yaradılmış təşkilat olmasına baxmayaraq, onun güclənməsi üçün ciddi iradə mövcuddur: 

"Əgər təşkilatlanma prosesi sürətlə aparılarsa, bu Şuranın böyük işlərə imza atacağı şübhə doğurmur. Xüsusilə ona görə ki, təşkilata daxil olan ölkələr - Türkiyə, ərəb dövlətləri və digər iştirakçılar yeni dünya düzənində öz layiqli yerlərini tutmağa çalışan ölkələrdir. Bu baxımdan, onlar Sülh Şurasının qlobal miqyasda güclü bir təşkilata çevrilməsində maraqlıdırlar".

Qeyd edək ki, xarici mətbuatın məlumatına görə, ABŞ administrasiyası fevralın 19-da Sülh Şurasının liderlərini bir araya gətirməyi planlaşdırır. Bildirilir ki, Vaşinqton bu görüşdən Qəzzada atəşkəsin ikinci mərhələsini irəlilətmək və bölgənin bərpası üçün maliyyə vəsaiti toplamaq məqsədilə istifadə etməyi nəzərdə tutur. 

Xatırladaq ki, Sülh Şurasına ABŞ, Azərbaycan, Argentina, Ermənistan, Misir, Qətər, Türkiyə, BƏƏ, Macarıstan, Qazaxıstan, Özbəkistan, Pakistan, İordaniya və digər ölkələr daxildir. 

Rüfət Sultan

--> -->