"Rəqqasə Fatimə məhkəmə qərarında nəzərdə tutulan kompensasiyanı ödəsə və üzr istəməsi qəbul edilərsə, yalnız bu halda iş üzrə icraata xitam verilə bilər".
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında Nazilə Səfərlinin vəkili Fuad Bədəlov şairə ilə rəqqasə Fatimə Fətəliyeva arasında gedən məhkəmə prosesinin yekun mərhələsindən danışarkən deyib.
Vəkilin sözlərinə görə, rəqqasə Fatimənin Nazilə Səfərlidən üzr istəməsi ilə bağlı video müraciəti artıq sosial şəbəkələrdə mövcuddur:
"Sadəcə olaraq, prosesin yekunlaşması üçün icra şöbəsi tərəfindən müvafiq qərar qəbul edilməlidir. Yalnız bundan sonra həmin mübahisə üzrə işə xitam verilmiş hesab oluna bilər".
Rəqqasə Fatimənin Nazilə Səfərliyə ödəməli olduğu kompensasiyanın məbləği ilə bağlı suala isə vəkil belə cavab verib:
"Bu məbləğ məhkəmə qərarında göstərilib. Mən bunu açıqlaya bilmərəm. Yalnız Nazilə xanım istəsə, bu barədə məlumat verə bilər".
Qeyd edək ki, şairə Nazilə Səfərli rəqqasə Fatiməni məhkəməyə verib. Buna səbəb rəqqasənin onun ünvanına səsləndirdiyi ifadələr olub. Belə ki, Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı statusda qeyd edib ki, bir rəqqasə reklam etdiyi məkanlardan birinə zəng edərək narazılıq edib və onu kobud ifadələrlə hədəfə alıb. Həmin paylaşımda işlədilən ifadələri rəqqasə Fatimə öz ünvanına yönəlmiş hesab edib. Bunun ardınca Fatimə Fətəliyeva sosial şəbəkədə canlı yayım açaraq Nazilə Səfərliyə sərt cavab verib və şəxsi həyat, ailə, keçmişlə bağlı kəskin ifadələr işlədib. Sözügedən çıxışda o, şairənin ünvanına təhqiramiz və alçaldıcı fikirlər səsləndirib. Məhz bu qarşılıqlı ittihamlar tərəflər arasında məhkəmə mübahisəsinə səbəb olub.
Ötən gün isə Fatimə Nazilə Səfərlidən üzr istəyib. Sənətçi "Xəzər axşamı" verilişində ona müraciət edib:
"Bu məsələ getdikcə uzanır. Bəziləri istəmir barışaq. Amma məni istəyən insanlar bilir ki, mən o hisslərlə yaşaya bilmərəm. Mən səbrsiz insanam, amma artıq bu şeylərdən uzağam. Mən qaynanam Mehtab xanımın sözünü yerdə qoymaram. Buradan Nazilə xanıma demək istəyirəm ki, gəlin bu söhbəti Novruz bayramına saxlamayaq. Barışıq elan edirəm, Allah mərdimazarı bizdən uzaq eləsin, gözümüz gözümüzə baxa bilsin. O da bir anadır, zəhmetkeş qadındır. Nazilə xanım, oldu keçdi, sizi öpür, bağrıma basıram. Canım mənim, üzrlü sayın".
Bahar Rüstəmli
Şərhlər