Prezident İlham Əliyevin Davosda "Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq sistemdə baş verən struktur dəyişiklikləri və Azərbaycanın bu proseslərə verdiyi cavabı aydın şəkildə əks etdirir. Müsahibədə səsləndirilən fikirlərdən belə nəticə çıxır ki, beynəlxalq münasibətlər artıq normativ hüquq çərçivəsindən daha çox güc balansı, real imkanlar və milli maraqlar üzərində formalaşır. Bu reallıq fonunda Azərbaycanın seçdiyi yol praqmatik, hesablanmış və uzunmüddətli strateji məqsədlərə yönəlmiş siyasət kimi qiymətləndirilə bilər.
Dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir şəraitdə hər bir dövlət öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün müstəqil qərarvermə qabiliyyətinə malik olmalıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət, xüsusilə suverenliyin və ərazi bütövlüyünün bərpası bu yanaşmanın praktik nəticəsi kimi çıxış edir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, əldə olunan nəticələr yalnız gücə əsaslanmayıb, eyni zamanda beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil etməyib.
Müsahibənin mühüm istiqamətlərindən biri Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqdır. Prezident İlham Əliyevin sülh prosesinə verdiyi qiymət regionda post-münaqişə mərhələsinin başa çatdığını və əməkdaşlıq mərhələsinə keçidin başlandığını göstərir. Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan transformasiya, xüsusilə nəqliyyat və enerji sahəsində atılan addımlar, sülhün yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret maraqlar üzərində qurulduğunu nümayiş etdirir. Bu yanaşma qarşıdurma risklərini minimuma endirən rasional model kimi təqdim olunur.
"Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə verilməsi də bu kontekstdə simvolik əhəmiyyət daşıyır. Bu mükafat Bakının regional sülh təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərməklə yanaşı, Azərbaycanın yeni regional nizamda aparıcı aktor kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısının "əbədi sülh” anlayışına istinad etməsi münaqişənin geri dönməz şəkildə tarixə çevrilməsi niyyətini ifadə edir.
Təhlükəsizlik məsələləri ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın daxili sabitliyinin təmin edildiyini və əsas risklərin regional və qlobal proseslərlə əlaqəli olduğunu ortaya qoyur. Xüsusilə regionda baş verən qeyri-sabitliklərin fonunda Bakının əsas prioriteti proqnozlaşdırıla bilən mühitin qorunmasıdır. Bu mövqe Azərbaycanın həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından riskləri qabaqlamağa yönəlmiş siyasət apardığını göstərir.
Enerji məsələləri isə Azərbaycanın strateji çəkisini daha da artıran əsas amillərdən biri kimi təqdim olunur. Prezidentin qeyd etdiyi faktlar göstərir ki, Azərbaycan Cənubi Qafqazda enerji təhlükəsizliyinin mərkəzi aktorudur və Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır. Təbii qazın geniş coğrafiyaya ixracı, boru kəməri infrastrukturu və bazarların şaxələndirilməsi Azərbaycanın enerji siyasətinin uzunmüddətli və davamlı strategiya üzərində qurulduğunu təsdiqləyir. Bu amil ölkəyə beynəlxalq münasibətlər sistemində əlavə siyasi manevr imkanları yaradır.
Avropa Parlamenti ilə münasibətlərə dair mövqe isə Azərbaycanın xarici siyasətində selektiv institusional əməkdaşlıq modelini ortaya qoyur. Rəsmi Bakı siyasi qərəz və ikili standartlara əsaslanan platformalarla əməkdaşlıqdan imtina etməklə, funksional və nəticəyönlü tərəfdaşlığa üstünlük verdiyini nümayiş etdirir. Avropa Komissiyası ilə əlaqələrin saxlanılması isə Azərbaycanın Avropa ilə münasibətləri tamamilə kəsmədiyini, lakin bu münasibətləri rasional çərçivəyə salmağa çalışdığını göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Davos müsahibəsi Azərbaycanın dəyişən beynəlxalq sistemdə öz davranış modelini formalaşdırdığını göstərir. Bu model normativ ideallardan daha çox real güc, iqtisadi potensial və regional məsuliyyət üzərində qurulub. Azərbaycan özünü yalnız regional aktor kimi deyil, eyni zamanda qlobal proseslərə təsir göstərə bilən, strateji resurslara və siyasi iradəyə malik dövlət kimi təqdim edir. Bu yanaşma ölkənin yaxın və orta perspektivdə beynəlxalq mövqeyinin qorunmasına və möhkəmlənməsinə xidmət edir.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
Şərhlər