Evdən çıxdım, yeyin-yeyin gəlib özümü avtobusa çatdıra bildim. Sevinirdim, çünki bu avtobusu haqlamasaydım növbəti marşrut haçan gələcəkdi, nə bilim.
Avtobusda öz-özümə düşünürdüm ki, belə xırda şeylərə də sevinmək lazımdı. Elədi, insan gərək xırda şeylərdən özünə sevinc yaradıb beynini xoş şeylərlə qidalandırsın. Siz də həmişə belə eləyin, beyninizin şıllaq atan şöbəsinin arpa-buğdasını, yemini bol eləyin. Qoyun, kef eləsin özüyçün.
Avtobusdan düşüb səki ilə addımlayanda gördüm, ayaqqabımın bir tayı ayağıma boş gəlir. Baxdım ki, qaytan açılıb. Bir tərəfə çəkilib qaytanı bağladım.
Yadıma qaytanla bağlı bir əhvalat düşdü. Bir dəfə mağazada özümə ayaqqabı seçərkən birini çox bəyəndiyim, ancaq qaytanlı idi, satıcıdan bunun qaytansız variantını soruşdum. Satıcı yaxınlaşıb gülümsəyərək: - "Qaytanlı ayaqqabıdan niyə qaçırsınız ki? Əksinə, bunlar daha gözəldi. Birincisi, klassik formadı, ikincisi də siz bu qaytanları bağlamaq üçün gün ərzində bir neçə dəfə əyilib qalxmalı olacaqsınız. Əyilib qalxmaq da bir idmandı. Bunları geysəniz gec qocalacaqsınız”.
O qoca satıcının sözlərindən sonra həmişə qaytanlı ayaqqabılara üstünlük vermişəm. Rahat açılsın deyə ayaqqabıdakı qaytanları həmişə ilmək bağlayıram, bir ucundan dartan kimi açılır.
Bilirdim ki, qaytanı evdə Amur açıb yenə, mən də tələsdiyimdən tezcə ayağıma keçirib evdən çıxmışam. Amur belədi, evdə öz oyuncaqları ilə oynamaz, həmişə bizim əşyalara cumar. Neynəsin? Süni kauçuk oyuncaqları sevmir, ancaq bəzi taxta oyuncaqlara simpatiyasını hiss etmişəm. Qoyasan, böyüklərə aid olan əşyalarla oynaya: qaşıqla, çəngəllə, çömçəylə, bıçaqla, çəkiclə, kəlbətinlə, taxta asılqanla, stullarla...
Çox vaxt şəhərə tələsmiş çıxanda yolda baxıram ki, ayaqqabılarımın qaytanının biri, ya hər ikisi çözələnib açılıb.
Aman Tanrım! Balaca oğlumun bu sirri indi agah oldu mənə! Elə indicə! Mən dəhşətə gəlmişəm, Amur! Bu nə idi başıma gətirdin mənim, gözəl oğlum, mələy oğlum?! Nəymiş-nəymiş bilirsinizmi? "Məni unutma!” demək istəyirmiş mənə! Dəhşət! Hər dəfə şəhərdə qaytanı bərkidəndə Amuru xatırlayıram, axı! Bu xatırlatma oyununu Amur kəşf eləyib, demək!
"Bu qaytanı bağlayanda məni xatırla! Həm də gec qocal, ata!” Dili ilə deyə bilmədiyinə görə bu metodu düşünüb tapıb. "Məni unutma, ata!” "Bunu mən açmışam, məni xatırla!” "Ata, səni gözləyirəm, məni unutma!” "Ata, qocalma, məni unutma!”
Aman Tanrım, çox pis oldum! Mən səni unudarammı, oğlum?! Balaca oğlum, gözəl oğlum! Heç görmüsənmi tumurcuqlar açmağı, quşlar uçmağı unutsun? Görmüsənmi, çaylar axıb getməyi, ulduzlar baxıb getməyi unuda? Səni unutmaqmı olar, oğlum! Sən mənim yaddaşımın ən gizlin yerində, qırxıncı otağındasan! O otağın açarını qəlbimin yarasının içində gizlətmişəm.
Səni unudarammı, oğlum?! Qocalaram, yaddaşımı salıb itirərəm, ancaq səni itirmərəm, səni unutmaram, Amurum! Öləndə də unuda bilmərəm səni! Öləndə nolar ki, niyə unudum səni? Səni heç vaxt unutmaram, mələy oğlum!
Mən öləcəm əlbəttə, qəbrə endirəcəklər məni, ancaq səni unutmayacam! Mən bez içində gülə-gülə enəcəm torpağa, gülə-gülə uzanacam qəbrimdə, çünki yaddaşımda sən olacaqsan. Sən mənim yaddaşımda olacaqsan həmişə! Mən də sənin yanında olacam, oğlum, həmişə! Mən torpağa qarışıb çürüdükcə sən yaddaşımın xarabalığında balaca brilyant kimi parlayacaqsan! Mən torpağa döndükcə səni daha çox xatırlayacam! Səni yenidən görmək üçün ota dönməyə tələsəcəm, Amur! Mən ota dönərkən yaşılımdakı sən olacaqsan. Yaşıl ot görən kimi bil ki, o mənim yaddaşımdı, sən o yaddaşda olacaqsan! İnəklər gəlib otlayacaq məndən cücərən, qalxan otları. Mən yaşıl ot şəklində o yaşıl yaddaşımla inəklərin çənəsində gövşənərək gülə-gülə onların qarnına enəcəm. Sonra da gülə-gülə südə çevrilərək inəklərin məməsinə axacam. Mən südə dönəndə də yaddaşımdakı yalnız sən olacaqsan! Analar inəkləri sağdıqca sən mənim yaddaşımda sərniclərə dolacaqsan, gözəl oğlum! Sənin kimi gözəl-gözəl uşaqlar o süddən içib südlü dodaqlarıyla gülümsəyəcəklər! O süddən içən uşaqlar da öz atalarının ayaqqabısının qaytanını açacaqlar, gözəl oğlum! Qaytanı təzədən bağlayan atalar öz uşalarını xatırladıqca mən də səni xatırlayacam, Amur! Səni unudarammı, oğlum, gözəl oğlum!..
Atanın ayaqqabılarının qaytanını həmişə aç, oğlum! Mələy oğlum!
Murad Köhnəqala
Şərhlər