Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclasın gündəliyində "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi də olub.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər MR Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.
Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.
Layihə müzakirə olunub. Qeyd edilib ki, Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim edilir.
Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib.
Şərhlər