Həyatda bəzən elə olur gördüyün mənzərənin, şahidi olduğun hadisənin içindən qəfil bir an parlayır və o an sənə bir ömür unutmayacağın sevinc, yaxud kədər ötürür. Belə fövqəladə təsirli anlar, adətən, çox vaxt sevincli yox, kədərli olur. Həmin kədərli an hər dəfə yaddaşın ruletkasına düşəndə yenidən kədərləndirib sənə əzab verir. İçindən təsirli anlar çıxan bu cür hadisələrin üstündən nə qədər fikir vermədən, bihuş halda keçmək istəsəm də məndə alınmır, mütləq o anlara ilişib qalıram.
Məhləmizdə bir qəssab dükanı var, demək olar, hər gün yanından keçirəm, lazım olanda onlardan ət alıram. O ət hardan gəlir, hansı proseslərdən sonra o şaqqalar, o tikələr qarmaqlardan asılır... bacardıqca bu cür şeylər haqda düşünməməyə çalışmışam. Ancaq o fikirlərdən nə qədər qaçmağa çalışsam da bir gün həmin prosesin kədəri məni də haqladı.
Səhər tezdən marketə gedəsi oldum. Yolumun üstündəki qəssab dükanının qarşısında taxta kuzalı bir yük maşını dayanmışdı. Kuzasının taxtaları seyrək vurulmuş maşında heyvan görünürdü. Yaxınlaşıb taxtaların arasından içəriyə baxdım, orda xına rəngli gözəl bir dana vardı. Balaca maşında oynaqlamasın deyə dananı gödək kəndirlə dartıb o qədər dar bağlamışdılar, az qalırdı burnu saman tökülmüş döşəməyə dirənsin. Gördüyüm mənzərə beynimin xatirə guşəsinə sızaraq məni dəhşət kədərləndirdi, sinəmdə ürəyim buruldu.
Mən orta məktəbdə oxuyanda kənddə bizim də inəyimiz, danamız olub. Bu dana onların hansınasa bənzəyirdi, bəlkə də elə dəqiq o idi! Üzü-gözü, altdan yuxarı mənə baxması dəhşət doğma idi. Eynən mənim danam idi. Sevimli danam bircə baxışla məni bu yaşdan beşinci-altıncı sinif şagirdi yaşına, o əlçatmaz-ünyetməz, xəyaldan başqa heç nəyin gedə bilmədiyi çağlara qaytardı. Hazırda kiçik qardaşımın yenidən quraraq tamam tanınmaz etdiyi daş pilləkənli köhnə evimizi, həyət qapısının dərhal arxasındakı iri gövdəli tut ağacımızı, bağımızı, bağımızın başından axıb gedən o gur çayı, ətirli iydə ağacımızı, çayın o biri tərəfindəki sovxoz üzümlüyünü, ildə bir dəfə doğan inəyimizi, inəyimizin danalarını, xırda kətildə oturub yanı buzovlu inəyimizi sağan nənəmin kürəyindəki naxışlı-qotazlı şalını, əlim dinc durmayanda ağ yerlərinə şəkillər çəkdiyim sarı vərəqli kitablarımı, qabağı qırmızı cızıqlı dəftərlərimi, çernil-ruçkamı, gülərüz anamı, uzaq rayondan gələn əli hədiyəli atamı, indi nənə olmuş bacılarımın, baba olmuş qardaşlarımın uşaqlığını, məktəbimizin kilsə zənginə bənzər zəngini, Novruz bayramlarını... xatırladım...
Neyləyə bilərdim? Talenin o danaya oxuduğu hökmün qarşısında çox aciz idim, çox! Dəhşət aciz idim! Mən uşaqlığımın sevimli danasını xilas edə bilmirdim. Nə vaxtsa bu acizliyimlə görüşəsi olduğumu deyib dünyaya gəlmək istəyimi soruşsaydılar qətiyyən bu dünyaya gəlməyə razılaşmazdım!
Dana dərin kədərlə gözaltı mənə baxırdı. Boynundakı ip qəddarcasına gödək idi. Əlimi taxtaların arasından uzadıb gözaltı mənə baxan qara burunlu dananın qaşqasını sığallamaq, azca da olsa könlünü almaq istədim. Dana aşağı əyilmiş başını incik-incik yelləyərək: "Lazım deyil, sənin bu mərhəmətin lazım deyil! Sən də elə onların bir tayısan!" deyə inlədi. Taxtaların arasından gözaltı mənə baxan cavan dananın o gözəl gözləri dəhşətin özü idi! Göz yaşlarımı saxlaya bilmədim. Gücüm yalnız uzun-uzadı ağlamağa çatdı...
Murad Köhnəqala
Şərhlər