Xəbər lenti

Ürəyimdə söydüklərim
Murad KÖHNƏQALA
Ölkə 09:52 10.09.2024

Ürəyimdə söydüklərim

Ha istədim bu silsilə problemdən yazmayam, axır ki, ürəyim dözmədi, lazım bildim. Fikirləşdim, saznan dediyim kimi söznən də deməliyəm. 

"A”dan, avtobusdan başlayaq. Bütün yay uzunu avtobuslarda kondisioner işlədiblər. İsti havadan avtobusa daxil olursan, dərhal axmaq bir kədərə düşürsən. Niyə? Elə bil, təndirdən çıxıb morozilkaya girirsən. Neçə dəfə sürücüyə demişəm, a kişi, o kondisioneri ən yuxarı xoda qoyub camaatı  xəstələndirmə! Tərli-tərli bu cür soyuqda yol gedən uşaq, qoca xəstələnir, axı! Baxırsan, sərnişinlər titrəşə-titrəşə gedirlər, ancaq birinin ağlına gəlmir, sürücüyə desin, onun xodunu aşağı elə. Üzünü bu cür sürücülərə tutub "ay eşşək!” deyə, bağırmağın gəlir. 

Sonra pəncərə tərəfdə əyləşən bir cavan oğlanın yanında oturursan. Baxırsan, dostumuz paçasını nəyi var aralayıban oturub. Onun dizinə tərəf tənəli bir nəzər atırsan ki, bəlkə başa düşə, dizini özünə tərəf yığa. Hiss edirsən ki, gəncimizin belə bir fikri yoxdu. Axırda məcbur olub deyirsən, bala, ayağını yığışdır, qoy biz də rahat əyləşək. Sənə tərs-tərs baxacaq və ayağını yenə də yığışdırmayacaq. Məcbur olub ona belə deyəcəksən: "Bala, bu oturacaq iki adamlıqdı, hər adama bəlli yer ayrılıb, mənim sərhəddim tərəfə keçməyə sənin ixtiyarın yoxdu!” Gəncimiz nəhayət ki, böyük naz və minnətlə ayağını çəkərək: "Sizi narahat eləyirəmsə çəkərəm” – deyib səlvərini özünə yığacaq. 

Deyirəm, məni narahat elədi, ya eləmədi, sən mənim sərhəddimə girmə, vəssalam. Ürəyimdə də dalını belə davam eləyirəm: "Bildin, ay heyvan?!” 
Əlbəttə, mən bütün gənclərimizin bu əxlaqda olduğunu düşünmürəm. Əksinə, indiki gənclərimiz çox mədəni, ağıllı və kübardırlar. Lakin, söz açdığım gənci də mütləq tərbiyələndirmək gərəkdir. 

Bu Bakıda insanlar hərdən biri-birinin azadlıq sərhəddini kobudcasına pozurlar. Bir də görürsən biri maşında "polnuxod” musiqi qoyub gedir. Saxlayıb desən ki, onu aşağı elə, ətrafdakıları narahat eləyirsən, zəhlə tökürsən. Deyəcək, mən özümçün meyxanaya qulaq asıram, bunun sənə dəxli yoxdu. Həə, belələri də var. Bu yerdə yadıma bir əhvalat düşdü. Mən 1994-cü ildə İrkutskda olanda belə bir hadisə olmuşdu. Demək, bir cavan oğlan öz maşınında musiqini "polnuxod” eləyib gedirmiş. Səhər-səhər hamı poxmel, camaatın əsəbləri gərgin. Biri də onu saxladıb deyir ki, o zibilini söndür, beynimiz getdi. Bu da söndürmür, deyir, mənə belə xoşdu, sənə xoş deyilsə qulaqlarını tuta bilərsən. Bu deyir-o deyir, bu deyir-o deyir. Axırda nə olur, bilirsinizmi? Bilməzsiniz! O etiraz eləyən oğlan kəmərin altından tapançanı çıxarıb ruldakının gicgahına bir güllə sıxır! Və çıxıb gedir. Sonrası necə olmuşdu, bilirsinizmi? Həmin o öldürəni özünümüdafiə adı altında yüngülcə şərti iş verib buraxmışdılar. Məhkəmə bilə-bilə belə bir qərar çıxarmışdı, guya həmin mübahisə zamanı musiqi oxudan  oğlan qarşı tərəfə pistolet çəkib, bu da idman fəndi ilə silahı onun əlindən almaq istəyəndə lülənin ağzı günahkarın özünə tərəf düşüb və güllə açılıb. Belələrini görəndə yadıma həmişə o hadisə düşür və ürəyimdə deyirəm: "Di, get kopayoğlu!”

Nə bilim ee, bu cür əsəb gərən səbəblər bir deyil, beş deyil... 

Dünən Yasamal parka getmişik. Bütün avadanlıqlar və oyun yerlərindən də bilinir ki, park əsasən uşaqlar üçün nəzərdə tutulub. Baxırsan, parkın müəyyən yerləri səliqəli yaşıl qazonlarla bəzədilib, yaşıllığın kənarlarında gecə fənərləri düzülüb. Ancaq digəl, həmin fənərlərin bir neçəsi dibindən qırılaraq yerə sərilib. Yerdən hardasa, altmış-səksən santimetr qalxan o cür dəmir fənərləri yıxmağa uşaqların gücü çatmaz. Onları qırıb dağıtmaq üçün böyüklər xeyli əziyət çəkib. Yanüstə yıxılmış fənərlərə baxıb ürəyimdə bağırıram: "Ay oğraş, gücünü sınamağa yer qəhətdi?!”

Demək olar ki, bütün parklarda vəziyət bu cürdü. Hansısa qara düşüncəli adamlar uşaqlar üçün nəzərdə tutulmuş oyun yerlərini qırıb dağıdırlar. Bir dəfə "20 Yanvar” metrostansiyasına yaxın ərazidə yerləşən "Meşə park”da, eləcə də "Gənclik”dəki Atatürk parkında sındırılmış oyun avadanlıqlarını çəkib feyzbukda paylaşmışdım. Hiss olunurdu ki, həmin qurğuları sındırmaq üçün böyüklər əməlli-başlı həmrəylik göstərmiş, güc sərf eləmişdilər. Belə şeylərə baxıb ürəyimdə deyirəm: "Ay şotverən, bu cür xoş şeyləri gözün niyə götürmür, axı?!” 

Son olaraq, birini də deyim, qaçım, çaynik yanar. 
Ay gənclər, ay cavanlar, mən sizi çox istəyirəm! 

Siz canınız, avtobusun, metronun qapıları açılan kimi özünüzü tezcə içəri soxub oturmağa tələsməyin! Kənddən gələn olar, görər, ayıbdı!       

Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->