Uzun müddətdir biri keçmiş həyat yoldaşından boşana bilməməsi, digəri isə illərə meydan oxuyan gözəlliyi ilə gündəmdədir… Bir zamanların məşhur aşiq cütlüyü - Cennifer Eniston və Bred Pitt - aradan 20 il keçməsinə baxmayaraq, pərəstişkarlarının qəlbində hələ də əvvəlki sevgiləri ilə anılır.
Onlar yaşadıqları hər şeyə baxmayaraq, bir-birindən tamamilə uzaqlaşmayıblar, boşandıqdan sonra yayılan saysız-hesabsız söz-söhbətə rəğmən incikliklərini kənara qoyaraq dost qala biliblər.
Qaynarinfo xəbər verir ki, mediada yayılan iddialara görə, vaxtilə bir film üzündən ayrılan keçmiş aşiq cütlük yenidən bir başqa film layihəsi üçün bir araya gəlməyə hazırlaşır.
5 il evli qaldıqdan sonra Bred Pittin Ancelina Coli ilə münasibətə başlaması səbəbindən ayrılan Cennifer Eniston və Bred Pittin yeni bir film layihəsində birlikdə rol alacağı bildirilir. Mətbuat bu layihəni "şokedici" adlandırır və hətta bunun romantik komediya ola biləcəyi irəli sürülür.
Dördüncü "Bridcet Cons" filminin kassa uğuru qazandıqdan sonra Hollivudda romantik komediya janrına daha çox tələbat yarandığı bildirilir. Potensial bir ssenarinin Pitt və Eniston üçün mükəmməl uyğunluq təşkil etdiyi deyilir.
2020-ci ildə bir mükafat gecəsində bir araya gəlib keçmiş günləri xatırlayaraq səmimi görüntülər sərgiləyən və dostluqlarını yenidən bərpa edən keçmiş cütlüyün birlikdə film çəkilişinə isti yanaşdığı iddia edilir. Hətta Bred Pittin illərdir Enistona müxtəlif layihələr təklif etdiyi, lakin Enistonun Pittin Ancelina Coli ilə boşanma prosesinə mane olmaq istəmədiyi üçün bu təklifləri rədd etdiyi bildirilir.
Bred Pittin Ancelina Coli ilə illərdir davam edən hüquqi mübahisələrinin böyük ölçüdə başa çatması ilə aktyorun yenidən keçmiş həyat yoldaşına film təklifi ilə müraciət etdiyi və Enistonun bu dəfə fikrə isti yanaşdığı bildirilir.
Gözəl aktrisanın ssenarilərdən birini çox bəyəndiyi və Pittlə baş rolu paylaşmağa müsbət baxdığı deyilir. O, keçmiş həyat yoldaşı ilə çəkiləcək filmin tamaşaçını kinoteatrlara cəlb edəcəyinin və kassa uğuru qazanacağının fərqindədir.
Hollivud mənbələri bu xəbərin sürətlə yayılması ilə birlikdə, hətta Devid Finçer də daxil olmaqla, sənayenin tanınmış rejissorlarının bu filmi çəkmək üçün maraq göstərdiyini bildirir.
56 yaşlı Cennifer Eniston və 61 yaşlı Bred Pitt 2000-2005-ci illərdə evli olublar. 2004-cü ildə Pitt və Ancelina Coli "Cənab və xanım Smit" filminin çəkiliş meydançasında tanış olduqdan sonra aktyorun Enistondan ayrıldığı məlum olmuşdu.
Uzun müddət bu münasibətin əslində Pitt və Eniston evli olarkən başladığı və onların ayrılmasına Colinin səbəb olduğu iddia edilib. Cennifer Enistonun pərəstişkarları illərlə Ancelina Colini "ailəni dağıtmaqda" günahlandıraraq ona qarşı mənfi münasibət sərgiləyiblər.
İndi isə vaxtilə Hollivudun ən çox sevilən cütlüyü olmuş bu iki məşhurun yenidən eyni layihədə bir araya gəlməsi, pərəstişkarlarını həyəcanlandıran bir xəbərə çevrilib.
Aydın
Şərhlər