Xəbər lenti

İdman 22:41 10.04.2026

"Karvan-Yevlax"ın baş məşqçisi: "Hesab daha böyük ola bilərdi"

Misli Premyer Liqasının XXVII turunda "Kəpəz"i 4:1 hesabı ilə məğlub edən "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov oyundan sonra mətbuat konfransında iştirak edib.

Mütəxəssis qələbəyə rəğmən qarşılaşmanın gərgin keçdiyini vurğulayıb.

Məşqçi "Qarabağ"la ağır oyundan sonra komandanı bərpa etməyin çətinliyindən danışıb:

"Futbolçularda psixoloji gərginlik var idi, lakin rəhbərliyin dəstəyi ilə bu çətinliyi aşdıq. Bilirdik ki, "Kəpəz" güclü heyətə malikdir. Oyunçularım bu gün meydanda yalnız taktiki planı icra etmədilər, həm də böyük əzmkarlıq və ürək nümayiş etdirdilər. Hesab 2:1 olanda vəziyyət dəyişə bilərdi, lakin ruhdan düşmədik və üçüncü qolu vuraraq qələbəni təmin etdik".

Qələbəyə baxmayaraq, Füzuli Məmmədov azarkeşlərlə bağlı həssas məqama toxunub: "Bəzən üzülürəm, çünki azarkeşlərimiz daha çox qələbəyə layiqdirlər. Onları hər zaman sevindirə bilmədiyimiz üçün üzgünəm. Amma qarşıda hələ altı tur var. Hər oyuna qələbə üçün çıxıb, onları xoşbəxt etməyə çalışacağıq. Bizi daha yaxşı oyunlar gözləyir".
--> -->