Xəbər lenti

İki qara dəlik toqquşa bilər - Alimlər vaxt verdi
Dünya 18:22 10.04.2026

İki qara dəlik toqquşa bilər - Alimlər vaxt verdi

Yarım milyard işıq ili uzaqlıqda yerləşən və alimlərin diqqət mərkəzində olan Mrk 501 qalaktikası kosmik miqyasda nadir və həyəcanverici hadisəyə səhnə ola bilər. Alimlər hesab edirlər ki, bu qalaktikanın mərkəzində yerləşən iki superkütləli qara dəlik bir-birinə sürətlə yaxınlaşır və yaxın əsr ərzində toqquşa bilər.

Qaynarinfo xəbər verir ki, blazar tipli Mrk 501 qalaktikası Yerə demək olar birbaşa istiqamətlənmiş superkütləli qara dəliyə ev sahibliyi edir. Qalaktikanın mərkəzindən yayılan yüksək sürətli maddə axınları və parlaq şüalanma alimlərə bu nəhəng obyektlərin hərəkətini izləməyə imkan yaradır.

Son araşdırmalar göstərir ki, Mrk 501 tək bir deyil, hər biri öz jet axınını yönəldən iki superkütləli qara dəliyə sahib ola bilər. Almaniyanın Max Planck Radioastronomiya İnstitutunun (MPIfR) tədqiqat qrupu qalaktikanı 23 il ərzində yüksək dəqiqlikli radio teleskoplarla müşahidə edib.

Uzunmüddətli müşahidələr zamanı alimlər jet axınlarında qeyri-adi hərəkət trayektoriyaları aşkar ediblər. Radio nüvəsinin ətrafında saat əqrəbinin əksinə fırlanan ikinci, daha zəif jetin mövcudluğu ikili qara dəlik sisteminin ehtimalını gücləndirib.

Tədqiqatçılar müəyyən ediblər ki, jetlərdə iki fərqli period mövcuddur: biri 7 illik dalğavari hərəkətə, digəri isə təxminən 121 günlük orbital dövrə işarə edir. Bu isə qara dəliklərin bir-birinə olduqca yaxın məsafədə yerləşdiyini göstərir.

Məlumata görə, Mrk 501-dəki iki qara dəlik arasındakı məsafə cəmi 0,0026 parsekdir. Bu fakt, "son parsek problemi” kimi tanınan fiziki maneənin aşılması ehtimalını artırır və bu cür obyektlərin birləşə biləcəyini göstərir.

Alimlər hesab edir ki, əgər bu ssenari təsdiqlənsə, iki superkütləli qara dəliyin toqquşması təxminən 100 il ərzində baş verə bilər. Bu səbəbdən astronomlar qalaktikanı diqqətlə izləməyə davam edir.

Qeyd olunur ki, aşağı tezlikli cazibə dalğalarının aşkarlanması bu birləşmə prosesini izləməyə imkan verə bilər. Niderlanddakı Radboud University-dən Héctor Olivaresin sözlərinə görə, belə siqnallar qeydə alınarsa, qara dəliklərin bir-birinə doğru spiralvari yaxınlaşması real vaxt rejimində müşahidə oluna bilər.
 
Günay
--> -->