"Honda” bu həftə keçirilən illik biznes təqdimatında yeni hibrid modellərin prototiplərini — "Accord” sedanı və "Acura RDX” SUV modelini nümayiş etdirib.
Qaynarinfo xəbər verir ki, bu avtomobillər şirkətin gələn ildən tətbiq etməyə başlayacağı yeni platforma əsasında hazırlanıb. "RDX” bu ilin əvvəlində "Honda”nın növbəti nəsil iki mühərrikli hibrid sistemindən istifadə edən ilk SUV modeli kimi elan olunmuşdu.
Bu prototiplər "Honda”nın 2030-cu ilə qədər təqdim etməyi planlaşdırdığı 15 yeni hibrid avtomobilin ilk nümunələridir. Eyni zamanda, şirkət elektrik nəqliyyat vasitələrinin satışını 2030-cu ilədək ümumi satışların beşdə birinə çatdırmaq məqsədini, eləcə də 2040-cı ilədək satışların 100 faizinin EV və yanacaq hüceyrəli avtomobillərdən ibarət olması planını ləğv edib. Şirkət bundan sonra hibrid modellərin inkişafı və istehsalına daha çox diqqət ayıracağını bildirib.
"Honda” 2030-cu ilin mart ayında başa çatacaq maliyyə ilinə qədər əsasən Şimali Amerikada 15 yeni nəsil hibrid model təqdim etməyi planlaşdırır və 2029-cu ildə burada iri ölçülü modellərin istehsalına başlayacaq.

Yeni nəsil hibrid sistemin maya dəyərinin 30 faizdən çox azaldılması nəzərdə tutulur. Bu sistem yeni platforma və elektrikli tam ötürücü sistemi ilə birlikdə 2023-cü ildə təqdim edilən versiya ilə müqayisədə yanacaq sərfiyyatını 10 faizdən çox yaxşılaşdıracaq.
"Honda”nın növbəti nəsil qabaqcıl sürücü kömək sistemi (ADAS) 2028-ci ildə təqdim olunacaq və beş il ərzində 15-dən çox modeldə tətbiq ediləcək.
Şirkət ABŞ-ın Ohayo ştatında yerləşən zavodlarının istehsal gücünü benzin və hibrid avtomobillərin istehsalına yönəldir. Eyni zamanda, EV batareyası istehsal xəttinin bir hissəsini ortaq müəssisəsi "LG” ilə birlikdə hibrid batareyaların istehsalına çevirməyi planlaşdırır.
Yaponiya bazarında "Honda” əsasən mini avtomobil — kei car kateqoriyasında EV model çeşidini genişləndirməyi planlaşdırır. Bu istiqamətdə şirkət 2028-ci ildən başlayaraq elektrikli "N-BOX” mini avtomobilinin versiyasını təqdim edəcək.
Mart ayında "Honda” EV investisiyaları üzrə 2,5 trilyon yenə, yəni 15,7 milyard dollara qədər dəyər itkisi barədə məlumat vermişdi. İndi şirkət EV ilə bağlı zərərlərin 2029-cu ildə aradan qaldırılacağını və 2030-cu ildə EV planlarını yenidən qiymətləndirəcəyini bildirir.
Şərhlər