Danimarka ABŞ-ın Qrenlandiyaya mümkün hücumuna ciddi şəkildə hazırlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "DR" nəşri hökumətdəki əsas mənbələrə, yüksək rütbəli hərbçilərə və Danimarka, Fransa və Almaniyanın kəşfiyyat dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Danimarka və onun Avropadakı müttəfiqləri ABŞ prezidenti Donald Trampın ərazi iddiaları fonunda belə bir ssenarini nəzərdən keçiriblər. Kopenhagen Vaşinqtonla gərginliyin artmasından yayınmağa çalışsa da, Qrenlandiyaya hücum baş verəcəyi təqdirdə təslim olmaq niyyətində olmayıb.
Hərbi hazırlıq çərçivəsində adaya təcili şəkildə göndərilən danimarkalı əsgərlərin yanında partlayıcı maddələr olub. Zərurət yaranarsa, Nuuk və Kangerlussuaq şəhərlərindəki uçuş-enmə zolaqlarının partladılması planlaşdırılırdı. Bu addım ABŞ qüvvələrinin mümkün desant çıxarmasının qarşısını almaq məqsədi daşıyırdı. Eyni zamanda, yaralılara yardım göstərilməsi üçün tibbi qan ehtiyatları da daşınıb.
Bildirilir ki, 2025-ci ilin əvvəlində, Donald Tramp ABŞ prezidenti seçildikdən qısa müddət sonra, Danimarka siyasi dəstək axtarışını fəallaşdırıb. Bununla belə, 2026-cı ilin yanvarında ölkə adadakı hərbi mövcudluğunu daha da gücləndirib. Mənbələrin sözlərinə görə, buna səbəblərdən biri ABŞ-ın Venesuelada keçirdiyi və Nikolas Maduronun saxlanılması ilə nəticələnən əməliyyat olub.
Qısa müddətdə Danimarka, Fransa, Almaniya, Norveç və İsveç əsgərlərindən ibarət ön dəstə Nuuk və Kangerlussuaq şəhərlərinə hava yolu ilə göndərilib. Daha sonra əsas qüvvələr, o cümlədən Holstebro şəhərində yerləşən dragun alayının hərbçiləri, "Jægerkorpset" xüsusi təyinatlıları və ekstremal soyuq şəraitdə döyüş üçün hazırlanmış fransız dağ-atıcı bölmələri bölgəyə çatdırılıb.
Bununla yanaşı, Şimali Atlantika istiqamətinə Danimarka qırıcı təyyarələri və fransız hərbi gəmisi də göndərilib.
Məqalədə qeyd olunur ki, müxtəlif ölkələrin bayraqları altında yerləşdirilmiş hərbi kontingentin məqsədi ABŞ-ı mümkün hərbi müdaxilə halında genişmiqyaslı düşmənçilik addımı atmaq məcburiyyəti ilə üz-üzə qoymaq olub. Mənbələrdən biri bunun sadəcə təlim olmadığını, daha ciddi hazırlıq xarakteri daşıdığını vurğulayıb.
Trampın Qrenlandiya ilə bağlı ambisiyaları
ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın "alınması” ideyasını səsləndirib və adaya nəzarətin digər yollarını da istisna etməyib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Qrenlandiyanın ölkənin milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Danimarka adanın təhlükəsizliyinə kifayət qədər sərmayə qoymur və əslində onun müdafiəsinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Aydın
Şərhlər