Xəbər lenti

Gəncədə
Foto 12:09 20.03.2026

Gəncədə "Çanaqqala-1915" oratoriyası təqdim olundu (FOTO)

Mart ayından etibarən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə çərçivəsində martın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə Gəncədə konsert keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində gerçəkləşən konsertdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Çanaqqala–1915” oratoriyası təqdim olunub.

Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə ifa olunan əsər dinləyicilərə unudulmaz təəssürat yaşadıb. Xor kollektivi isə Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi altında ahəngdar və təsirli çıxışı ilə seçilib.

Konsertdə tanınmış vokalçılar Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak ediblər. Dərin emosional təsir gücünə malik oratoriya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Oratoriya qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyalarını musiqi dili ilə parlaq şəkildə əks etdirib.
--> -->