Xəbər lenti

Çin poladdan 10 dəfə möhkəm material yaratdı
Dünya 22:10 19.03.2026

Çin poladdan 10 dəfə möhkəm material yaratdı

Çin texnoloji sahədə mühüm irəliləyiş əldə edərək poladdan 10 dəfə daha möhkəm olan T1200 karbon lifinin kütləvi istehsalına başladığını elan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Liber Tatea” nəşri məlumat yayıb.

"China National Building Material Group” şirkəti T1200 karbon lifini laboratoriya mərhələsindən sənaye istehsalına keçirməyə nail olub və illik 100 ton istehsal gücü təmin edib. Bu nəticə 20 ildən artıq davam edən intensiv tədqiqatların məhsulu kimi qiymətləndirilir.

Materialın dartılma möhkəmliyi 8 giqapaskaldan (GPa) çoxdur. Onun imkanlarını nümayiş etdirmək üçün tədqiqatçılar diametri 2 millimetrdən az olan 120 min lifdən ibarət tros hazırlayıblar. Həmin tros 54 sərnişin daşıyan avtobusu çəkməyə qadir olub.

Bu karbon lifi yalnız möhkəm deyil, eyni zamanda çox yüngüldür – onun çəkisi poladın təxminən dörddə birinə bərabərdir. Bu xüsusiyyət onu təhlükəsizliyi qorumaqla yanaşı çəkini azaltmağın vacib olduğu sahələr üçün ideal edir.

Tədqiqatçı Çen Tsyufen bildirib ki, kütləvi istehsal bu materialı laboratoriya marağından çıxararaq əlçatan sənaye resursuna çevirir.

Bununla belə, istehsal prosesi olduqca mürəkkəbdir və yüksək dəqiqliklə temperatur nəzarəti tələb edir. Lif əvvəlcə 200–300°C temperaturda oksidləşmə mərhələsindən keçir, daha sonra isə təxminən 2000°C-də karbonlaşma prosesi baş verir. Bu mərhələlər materiala yüksək sabitlik və möhkəm daxili struktur qazandırır.

Aydın

--> -->