Xəbər lenti

Aviabiletlər kəskin bahalaşacaq: Müharibə səyahətçilərin cibinə təsir edəcək
Dünya 18:48 19.03.2026

Aviabiletlər kəskin bahalaşacaq: Müharibə səyahətçilərin cibinə təsir edəcək

Aparıcı Avropa aviaşirkətləri yanacaq xərclərinin artımını sərnişinlərə ötürmək məcburiyyətində qalacaqlarını xəbərdar ediblər. Buna səbəb İranda münaqişənin gərginləşməsi və Fars körfəzində neft tankerlərinin bloklanmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Ryanair” şirkətinin baş icraçı direktoru Maykl O’Liri bildirib ki, bir çox Avropa aviaşirkətləri qısa müddətdə neft bazarındakı qiymət sıçrayışlarından qoruyan hedcinq mexanizmlərinə malikdir. Lakin əlavə xərclər istənilən halda biletlərin bahalaşmasına səbəb olacaq.

"Şirkətimdə orta mənfəət hər sərnişinə təxminən 10 avrodur. Əlavə xərcləri qarşılamaq mümkün deyil”, deyə "Deutsche Lufthansa AG” şirkətinin baş direktoru Karsten Şpor Brüsseldə keçirilən sənaye konfransında bildirib.

Qeyd olunur ki, uzunmüddətli müharibə yanacaq qıtlığı ilə bağlı narahatlıqları artırır, çünki neft tankerlərinin Hörmüz boğazından keçməsi məhdudlaşdırılıb.

Yanacaq aviaşirkətlər üçün ən böyük xərc maddələrindən biridir. "Brent” markalı neftin qiymətinin bir barel üçün 118 dollardan yuxarı qalxması bəzi şirkətləri yanacaq əlavələri tətbiq etməyə və hətta bəzi reysləri ləğv etməyə məcbur edib.

Bunun fonunda sərnişinlər qiymətlərin artacağını gözləyərək indiki tariflərlə biletləri aktiv şəkildə almağa başlayıblar.

ABŞ aviaşirkətləri tələbatın artımını ilk qeydə alıb və güclü bronlaşma dövrünü müşahidə edirlər. Səbəb isə həm istirahət, həm də iş səfərlərinə gedən premium sinif sərnişinlərinin biletləri əvvəlcədən bron etməsidir.

"Air France-KLM” şirkətinin rəhbəri Ben Smit bildirib ki, Asiya və Afrikaya yeni reyslərə tələbat çox yüksəkdir.

"Lufthansa” şirkəti Yaxın Şərqdə tutumun azalmasından sonra Asiyaya əlavə 40 reys əlavə edib və bu reyslər "bir neçə gün ərzində tam dolub. Lakin orta müddətli perspektivdə, açıq danışaq, yanacaq və bilet qiymətləri tələbatı azaldacaq”, deyə Karsten Şpor qeyd edib.

Aydın

--> -->