Xəbər lenti

Cənubi Amerikada insanlar və təbiət tərəfindən yaradılmayan nəhəng tunellər tapıldı
Dünya 19:55 19.03.2026

Cənubi Amerikada insanlar və təbiət tərəfindən yaradılmayan nəhəng tunellər tapıldı

Cənubi Braziliyanın təpələri altında və Argentinanın şimalında alimlər tərəfindən aşkarlanan nəhəng tunellərin çox güman ki, Buz dövründə yaşamış iri heyvanlar tərəfindən qazıldığı ehtimal olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” yazır.

Uzunluğu 548 metrə qədər çatan və içindən yetkin bir kişinin rahatlıqla keçə biləcəyi qədər geniş olan bu tunellər nə insanlar, nə də təbii geoloji proseslər tərəfindən yaradılıb.

Məqalədə qeyd olunur ki, son on ildə tədqiqatçılar bu tip 1500-dən çox nəhəng tuneli xəritələşdirərək qədim yeraltı dünyanı üzə çıxarıblar. Bu keçidlərin divarlarında pəncə izlərinə bənzər izlər var ki, bu da onların tarixdən əvvəlki iri canlılar tərəfindən qazıldığını göstərir.

Bu yeraltı kameralar çaylar və ya geoloji qüvvələr tərəfindən yaranmış tipik mağaralara bənzəmir. Braziliyanın Rio-Grandi-du-Sul Federal Universitetinin geoloqu Henrix Frenkin sözlərinə görə, tunellərin forması və quruluşu heç bir məlum təbii və ya süni formalaşmaya uyğun gəlmir.

Alim bildirib ki, dünyada dairəvi və ya oval kəsikli, qolları olan, yuxarı-aşağı yönələn və divarlarında pəncə izləri olan belə uzun tunelləri yarada biləcək heç bir geoloji proses mövcud deyil.

Bu tunellərin həm də insanlar və texnika üçün qazılması çətin olan ərazilərdə yerləşməsi onların iri heyvanlar tərəfindən yaradıldığı ehtimalını gücləndirir.

Araşdırmaçılar nəhəng yuvaların ölçülərini və divarlardakı pəncə izlərini analiz ediblər. Ən böyük tunellərin eni və hündürlüyü ən azı 2 metrdir ki, bu da nəhəng quruda yaşayan tənbəllərin, xüsusilə meqateriumların ölçülərinə uyğundur.

Bu növün 3,5 metr hündürlüyə və 4 tona qədər çəkiyə çatdığı, bu tunellərin əsas "yaradıcısı” olduğu hesab edilir.

Tədqiqatçılar müəyyən ediblər ki, divarlardakı uzun və əyri pəncə izləri müasir heyvanlardan, məsələn, qısa pəncəli armadillolardan fərqli olaraq, məhz tənbəllərin pəncələrinə uyğundur.

Geoloq qeyd edib ki, indiki dövrdə yaşayan 40 kiloqramlıq heyvanın 40 santimetr enində və 6 metr uzunluğunda yuva qazdığını nəzərə alsaq, 1,5 metr enində və 76 metr uzunluğunda tunelləri nə yarada bilərdi – bunun üçün heç bir izah yoxdur.

Aydın

--> -->