Xəbər lenti

Çin yeni nəsil tankını təqdim etdi - Dronlar onun üçün qorxulu deyil
Dünya 13:24 04.09.2025

Çin yeni nəsil tankını təqdim etdi - Dronlar onun üçün qorxulu deyil

Çinin 3 sentyabrda Pekində keçirdiyi paradda nümayiş etdirdiyi yeniliklər arasında yeni zirehli texnika nümunələri, o cümlədən yeni nəsil tank da olub. 

Qaynarinfo xəbər verir ki, bu tank "Defense Express” mütəxəssislərinin diqqətini çəkib.

Tank "Type-100” indeksi alıb – hələlik bu indeks həm ona, həm də yeni dəstək maşınına şamil olunur.

Söhbət çəkisi təxminən 35-40 ton olan orta tankdan gedir. Bu, Qərbin əsas döyüş tanklarının kütləsindən xeyli azdır. Kütləni azaltmaq üçün ənənəvi 125 mm-lik topdan imtina olunub və onun yerinə 105 mm-lik top quraşdırılıb.

Maşın ekipajsız qüllə ilə təchiz edilib, nəticədə ekipaj iki nəfərə qədər azaldılıb.

Aydın görünür ki, tank yüksək səviyyəli zireh müdafiəsi ilə öyünə bilməz, amma bu çatışmazlığı müəyyən dərəcədə yaxınlaşan hədəfləri məhv etməli olan aktiv müdafiə kompleksi kompensasiya edir. Tank həmçinin pulemyot modulu ilə təchiz edilib və bu, dronlara qarşı vasitə kimi çıxış edə bilər.

Bəzi xarici mütəxəssislərin fikrincə, "Type-100” dronlardan gələn təhdidlərə qarşı effektiv mübarizə apara biləcək. Bununla belə, bunun həqiqətən belə olub-olmadığını yalnız real döyüş tətbiqi göstərəcək.

Daha bir maraqlı element isə artırılmış reallıq eynəkləri olub. Bu eynəklər nəzəri olaraq kameralar vasitəsilə döyüş maşınının "zirehinin arxasını görməyə” imkan verir. Belə qurğu həm orta tankların, həm də dəstək maşınlarının ekipajlarına verilib.

Qeyd edək ki, paradda Çin həm də yeni qitələrarası raket – DF-61-i nümayiş etdirib.

Onun üçün səkkiz təkərli mobil platformadan istifadə olunub. Bundan başqa, müasir raket komplekslərinin başqa nümunələri də, o cümlədən hava bazalı sistemlər təqdim olunub.

Bir sıra mütəxəssislərin fikrincə, Pekində keçirilən parad göstərdi ki, ABŞ silahlanma yarışında Çinə uduzur. Onlar qeyd ediblər ki, nümayiş etdirilən dronların yalnız bir hissəsi ABŞ həllərinin "nüsxəsi”dir, digərləri isə bu sahədə tamamilə müstəqil işləmələrdir. Üstəlik, Qərbin hazırda bu silahlara analoqu yoxdur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->