Yaxın Şərqdə artan gərginlik fonunda İranın ABŞ-a 14 maddəlik sülh təklifi təqdim etməsi diqqət çəkən hadisədir. Məlumata görə, bu təklif Pakistan vasitəsilə çatdırılıb və regionda, o cümlədən Livanı əhatə edən bütün cəbhələrdə müharibənin dayandırılmasını nəzərdə tutur. Rəsmi Tehran hələlik planın detalları ilə bağlı açıq mövqe bildirməsə də, yayılan məlumatlar təşəbbüsün arxasında daha dərin geosiyasi hesabların dayandığını göstərir.
İranın irəli sürdüyü təklifdə diqqət çəkən əsas məqamlar arasında sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və Hörmüz boğazı üçün yeni təhlükəsizlik mexanizminin yaradılması yer alır. Bu isə onu göstərir ki, Tehran üçün məsələ təkcə hərbi qarşıdurmanın dayandırılması deyil, həm də uzun müddətdir davam edən iqtisadi təzyiqdən çıxış yollarının tapılmasıdır.
Xüsusilə enerji daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazının təhlükəsizliyi həm regional, həm də qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət daşıyır.
Təklifin birbaşa deyil, vasitəçi üzərindən təqdim olunması da diqqətəlayiqdir. Bu, tərəflər arasında etimadın aşağı səviyyədə olduğunu göstərməklə yanaşı, eyni zamanda diplomatik kanalların tam bağlanmadığını nümayiş etdirir. Belə dolayı təmaslar adətən gərginliyin yüksək olduğu dövrlərdə istifadə olunan klassik diplomatik üsullardan biridir.
Digər tərəfdən, ABŞ-ın reaksiyası bu təşəbbüsün yaxın perspektivdə real nəticə verəcəyinə dair optimizmi azaldır. ABŞ prezidenti Donald Tramp açıqlamasında İranın planını nəzərdən keçirəcəyini bildirsə də, onun məqbul olacağına inanmadığını açıq şəkildə ifadə edib. Bu mövqe Vaşinqtonun Tehrana qarşı sərt siyasət xəttini davam etdirmək niyyətində olduğunu göstərir. İranın "məsələlərin 30 gün ərzində həlli” ilə bağlı çağırışı isə daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki regionda çoxsaylı aktorların iştirak etdiyi mürəkkəb münaqişələrin bu qədər qısa müddətdə həll olunması real görünmür. Bu cür müddət qoyuluşu adətən təşəbbüsün təcili və prioritet olduğunu vurğulamaq məqsədi daşıyır.
Ümumilikdə, İranın bu addımı həm artan hərbi-siyasi riskləri azaltmaq, həm də iqtisadi təzyiqi zəiflətmək cəhdi kimi qiymətləndirilə bilər. ABŞ isə mövcud üstün mövqeyini qorumağa çalışaraq daha sərt şərtlərlə danışıqlara üstünlük verir. Bu baxımdan, tərəflər arasında yaxın zamanda fundamental razılaşmanın əldə olunması çətin görünsə də, dialoq imkanlarının qorunub saxlanılması regionda gərginliyin daha da artmasının qarşısını ala biləcək mühüm amil olaraq qalır.
Qeyd edək ki, İran ABŞ-a 14 maddəlik sülh təklifi təqdim edib. Məlumatı Tasnim xəbər agentliyi yayıb. Bildirilir ki, Pakistan vasitəsilə təqdim edilən Tehranın təklifi "Livan da daxil olmaqla bütün cəbhələrdə müharibəyə son qoyulmasını" nəzərdə tutur. Agentliyin məlumatına görə, Tehran "məsələlərin 30 gün ərzində həll edilməli" olduğuna və danışıqların atəşkəsin uzadılmasından daha çox "müharibənin bitməsinə" yönəlməli olduğuna inanır.
Tasnim qeyd edir ki, təklifə həmçinin dondurulmuş İran aktivlərinin azad edilməsi, sanksiyaların ləğvi və "Hörmüz boğazı üçün yeni mexanizm"in tətbiqi çağırışları daxildir. İran rəsmiləri hələlik təklif olunan planın təfərrüatları ilə bağlı ictimaiyyətə açıqlama verməyiblər.
ABŞ prezidenti Donald Tramp Truth Social hesabında İranın təklifini tezliklə nəzərdən keçirəcəyini, lakin ondan razı qalmayacağını açıqlayıb:
"Tezliklə İranın bizə göndərdiyi planı nəzərdən keçirəcəyəm, amma onun məqbul olacağını təsəvvür edə bilmirəm, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər yüksək qiymət ödəməyiblər".
Siyasət şöbəsi
Şərhlər