Bakıda məşhur restoranda hesabı ödəməyib qaçan müştəri həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Atatürk prospekti 93 ünvanında yerləşən "JOSBeer Pub” adlı restoranda baş verib.
Belə ki, 1994-cü ildə Bakı şəhərində anadan olmuş M.H. "JOSBeer Pub” restoranında 269 manatlıq sifariş verərək yeyib-içdikdən sonra ödəniş etməyib və orada səs-küy salıb. Daha sonra qaçaraq obyektdən uzaqlaşıb.
Restoranın mühafizəçisi tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında təqsirləndirilən şəxs dərhal "Gənclik” metrosunun yaxınlığında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxs izahatında deyib ki, günorta saatlarında üzərində pul olmadığını bilərək "JOSBeer Pub” adlı restorana gedib və kabinetlərin birində əyləşərək spirtli içki və müxtəlif yeməklər sifariş verib. Saat 22:30 radələrində ondan hesabı ödəməsini istədiklərində verməyəcəyini bildirib, səs-küy salaraq restorandan qaçıb.
Məhkəmənin hökmü ilə M.H. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbs edilib.
Aydın
Şərhlər