"Sea Breeze” İstirahər Mərkəzində fəaliyyət göstərən "Maize” restoranından oğurluq edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restorandan 1 ədəd 12.500 manat dəyərində "Arite Futurmat" markalı kofe aparatı, 1 ədəd 550 manat dəyərində "Mazzer” markalı kofe üyüdən aparat, 1 ədəd 600 manat dəyərində "Hell” markalı soyuducu, 1 ədəd 350 manat dəyərində "Konchero” markalı elektrik samovarı, 1 ədəd 600 manat dəyərində "Santos" markalı sok çəkən aparat, 1 ədəd 150 manat dəyərində elektrikli çaydan və 1 ədəd 450 manat dəyərində taxta kəsən aparat oğurlanıb.
Ümumilikdə restorana 15 200 manat dəyərində ziyan vurulub. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Ceyhun, Azər və Ürfan adlı həmin şəxslərə Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baxılıb.
Hər üç müttəhim verilmiş ittihamlar üzrə özlərini təqsirli bilib. Məhkəmənin hökmü ilə Ceyhun 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azər və Ürfan isə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Ceyhunun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Azərlə Ürfana gəlincə, onların üzərində bundan əvvəl də cəza olduğu üçün hazırkı cəza ilə qismən toplanılıb. Bununla da Azərin üzərində qəti olaraq 2 il 5 ay 20 gün müddətinə, Ürfanın üzərində isə 3 il 4 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Şərhlər