Türkiyədə siyasi gündəm yenidən qızışır. Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlaması seçicilər arasında müzakirələrə səbəb olub. Bu qərarın seçki prosesinə necə təsir edəcəyi və cəmiyyət tərəfindən necə qarşılanacağı maraq doğurur.
Siyasi şərhçi Ruslan Bəşirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Türkiyədə sağ mərkəzçi siyasi düşərgədə yeni konfiqurasiyanın formalaşması ehtimalı gündəmdə qalmaqdadır:
”Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası ötən prezident seçkilərində Cumhur İttifaqının namizədi Rəcəb Tayyip Ərdoğanı dəstəkləsə də, 2028-ci il seçkilərində öz namizədliyini irəli sürəcəyini açıqlamışdı. Bununla belə, namizədliyin indidən elan olunması Ərbakanın mütləq namizəd olacağı anlamına gəlmir”.
Siyasi şərhçinin sözlərinə görə, uzun müddətdir müxalifətdə olan sağ mərkəzçi və millətçi partiyaların koalisiyasından ibarət yeni siyasi gücün yaranacağı müzakirə edilir:
”Yenidən Rifah, Səadət, Gələcək, DEVA və Anahtar partiyalarının vahid ittifaq şəklində seçkilərə qatılaraq parlamentdə 7 faizlik baryeri aşmaq və TBMM-də yeni güc kimi təmsil olunmaq ehtimalı var. Hazırda bu partiyaların heç biri təkbaşına parlamentə düşmək imkanına malik deyil, lakin mümkün koalisiya onları yeni sağ-mərkəzçi gücə çevirə bilər”.
Ruslan Bəşirli hesab edir ki, belə bir ittifaq baş tutarsa, AK Partiya-MHP blokundan sonra formalaşacaq yeni sağ mərkəzçi ittifaqın prezidentliyə vahid namizədi kimi Mansur Yavaş və ya son günlərdə səsləndirilən iddialara görə Abdullah Gül ön plana çıxa bilər.
Şərhçi əlavə edib ki, Ərbakan son parlament və bələdiyyə seçkilərində səs faizini 6 faizə qədər artırmaqla müəyyən üstünlük qazanmışdı:
”Lakin bu üstünlük daha çox mühafizəkar elektoratın onun mərhum atasına olan sədaqəti və son illərdə iqtisadi çətinliklər səbəbindən AK Partiyadan uzaqlaşan seçicilərin dəstəyi ilə bağlı idi. Bununla yanaşı, son rəy sorğuları Ərbakanın və partiyasının dəstək səviyyəsinin təxminən 2 faizə qədər azaldığını göstərir”.
Qeyd edək ki, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədi olacağını açıqlayıb. Bu açıqlama ciddi müzakirələrə səbəb olub.
Siyasət şöbəsi
Şərhlər