Xəbər lenti

İrəvan sammiti: Paşinyan üçün siyasi dividend, region üçün geosiyasi mesaj (ŞƏRH)
Siyasət 18:59 04.05.2026

İrəvan sammiti: Paşinyan üçün siyasi dividend, region üçün geosiyasi mesaj (ŞƏRH)

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti təkcə diplomatik gündəm hadisəsi deyil, eyni zamanda regionda dəyişən güc balansının və Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin simvolik nümayişi kimi qiymətləndirilir. Yüksək səviyyəli beynəlxalq tədbirin məhz İrəvanda baş tutması, ölkənin hazırkı siyasi rəhbərliyi üçün, xüsusilə Nikol Paşinyan üçün həm siyasi legitimlik, həm də beynəlxalq imic baxımından mühüm dividend yaradır.

Siyasi müşahidəçilərin fikrincə, bu cür tədbirlər seçki dövrünə yaxın mərhələdə dolayı siyasi təsir effekti formalaşdıra bilir. Birincisi, beynəlxalq liderlərin İrəvana səfəri Paşinyanın xarici siyasət kursuna - Qərblə yaxınlaşma strategiyasına açıq və ya dolayı siyasi etimad kimi yozula bilər. Bu isə daxili ictimai rəydə "Ermənistanın təcriddən çıxması” narrativini gücləndirir. 

İkincisi, Avropa Siyasi Birliyi Sammiti kimi platformalar adətən təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi mövzular üzərində qurulduğuna görə, ev sahibi ölkə "stabil və etibarlı tərəfdaş” obrazında təqdim olunur. Bu amil seçki ərəfəsində hakimiyyət üçün mühüm yumşaq güc üstünlüyü yarada bilər. 

Bununla belə, analitiklər vurğulayırlar ki, bu prosesi birbaşa "siyasi dəstək” kimi qiymətləndirmək doğru olmaz. Çünki  Avropa Siyasi Birliyi formal olaraq heç bir namizədə və ya siyasi qüvvəyə açıq dəstək vermir. Burada əsas məqsəd geosiyasi dialoqun və regional balansın qorunmasıdır. Buna baxmayaraq, nəticə etibarilə sammit Paşinyanın beynəlxalq mövqeyini gücləndirən mühüm diplomatik  resursa çevrilir. 

Real Partiyasının sədri Natiq Cəfərli isə hesab edir ki, İrəvanda keçirilən sammit seçki ərəfəsində Paşinyana ciddi siyasi üstünlük qazandırır və bu proses regionda sülhün davamı baxımından müsbət qiymətləndirilməlidir. 

Onun sözlərinə görə, Ermənistanda seçki prosesinə təsir göstərən tək xarici faktor Qərb deyil, həm də Rusiya amilidir. 

Natiq Cəfərlinin fikrincə, Rusiya Ermənistan üzərində  təsir imkanlarını tam itirməyib və əsas rıçaqlar hələ də qalır. 

O qeyd edib ki, Moskva bir tərəfdən Paşinyan hökuməti ilə ziddiyyətlər yaşasa da, digər tərəfdən onun tamamilə Qərbə inteqrasiyasını da risk kimi görür:

”Bu səbəbdən Kremlin strategiyası daha çox təsir imkanlarını qorumaq və alternativ siyasi qüvvələrin radikal şəkildə hakimiyyətə gəlməsinin qarşısını almaq üzərində qurulub”.

Qeyd edək ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də videobağlantı formatında çıxış edib ki, bu da platformanın regional dialoq üçün əhəmiyyətini bir daha ön plana çıxarıb.

Siyasət şöbəsi
--> -->