Xəbər lenti

Marketoloqdan açıqlama:
Ekonomiks 22:00 04.05.2026

Marketoloqdan açıqlama: "100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır"

Son günlər Bakıdakı iri market şəbəkələrində 100 qramlıq qablaşdırmalarda satılan konfet və şokoladların qiymətləri alıcılar arasında narazılıq yaradıb. Məsələn, kiloqramı 10–15 manat olan məhsulların 100–150 qramlıq hissələrinin 1–3 manata satılması bəzi istehlakçılarda yanlış təəssürat formalaşdırıb.

Məsələyə münasibət bildirən marketoloq Pərviz Əzimov "Qaynarinfo”ya açıqlamasında bildirib ki, bu cür qiymət siyasətində qanunsuz heç nə yoxdur:

"Market rəhbərliyi açıq şəkildə yazır ki, bu, 100 qramın qiymətidir. Deməli, hər şey qaydasındadır”. 

O, alıcıları diqqətli olmağa çağıraraq qeyd edib ki, məhsulun qablaşdırma formatı qiymətin anlaşılmasında əsas rol oynayır:

"Bəli, qanun bunu qadağan etmir. Məsələn, kəsilmiş pendir satılır, orada da qramın qiyməti ayrıca göstərilir. Ya da iri qablaşdırmada alınan məhsullarda vahid qiymət fərqli formada hesablanır. Hər şey qaydaya uyğundur”. 
 


Marketoloqun sözlərinə görə, istehlakçılar məhsulun təqdimat formasını düzgün oxumalı və qiyməti yanlış interpretasiya etməməlidirlər. 

Qeyd edək ki, hazırda marketlərdə bu cür kiçik qablaşdırılmış şokolad və konfetlərin satışı geniş yayılıb. Bu isə bəzi hallarda alıcılar arasında qiymətin kiloqramla deyil, daha böyük həcmdə daha ucuz olduğu barədə yanlış təsəvvür yaradır. Alıcılar real qiymətlərlə bağlı narazılıq ifadə edirlər.

Bahar Rüstəmli
--> -->