Xəbər lenti

Azərbaycan ərazisində radioloji vəziyyət necədir?
Ölkə 14:17 06.09.2025

Azərbaycan ərazisində radioloji vəziyyət necədir?

Azərbaycanın düzənlik ərazilərində təbii radioaktiv şüalanma səviyyəsinin dağ massivlərinə nisbətən 2 dəfəyədək kiçik olması müəyyənləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumat verilib.

Bildirilib ki, ölkənin bütün rayonları üzrə torpaq ərazilərdə radionuklidlərin paylanmasının tədqiqi bu torpaqlarda yalnız təbii radionuklidlərin cüzi miqdarının əkin torpaqları üçün xarakterik kiçik aktivliklərlə xarakerizə olunduğunu göstərir:

"İşğaldan azad edilmiş rayonları ərazilərində, o cümlədən, İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələrindən sonra cənub rayonlarında (İmişli, Beyləqan, Fizuli, Horadiz, Cəbrayıl, Qubadlı, Lerik, Lənkəran və Astara) aparılmış radiometrik ölçmələrin nəticələri də qeyd olunmuş göstəricilərlə uyğunluq təşkil edir, yəni qeyd edilmiş hərbi münaqişə zamanı da ölkəmizin əraziləri antropogen xarakterli radioaktiv çirklənməyə məruz qalmayıb.

Əhalinin bu ərazilərlə ilin əksər müddətində fasiləsiz təması halında belə ölkə ərazisində müşahidə edilmiş (və yuxarıda qeyd olunmuş) radioaktiv şüalanma səviyyəsi ilə "Əhalinin Radiasiya Təhlükəsizliyi haqqında” Qanununda göstərilmiş dinc əhali üçün yol verilən illik udulan radioaktiv şüalanma dozası həddindən (100 milliRentgen və ya 1 milliZivert) artıq doza yaranması mümkün deyil, yəni bu ərazilər əhalinin yaşaması üçün radioaktiv çirklənmə cəhətdən tam təhlükəsizdir.

Yalnız Kəlbəcər rayonunun qərbindəki dağ massivində bəzi təbii soyuq və isti su bulaqları ətrafında lokal sahələrdə təbii radioaktiv fonun 2 dəfədən 15 dəfəyədək yüksək qiymətləri və həmin bulaqlar ətrafındakı lokal sahələrdə suyun yer altından üzə çıxması ilə yanaşı müşaiyətedici təbii radionuklidlərin kiçik konsenrasiyalarının da üzə çıxaraq torpaq səthində akkumulyasiyası təbii prosesi müşahidə edilir".

Həmçinin, qeyd edilib ki, 2016-cı ildən başlayaraq Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən respublikanın bütün rayonlarında münbit torpaq layının, yaşıl bitki örtüyünün və bütün böyük su mənbələrinin mineral tərkibləri, həmçinin mövcud olan iz miqdarında təbii izotopların miqdarları təyin edilib, təbii radioaktiv fonun ölçülməsi, radioaktiv şüalanma növlərinin qiymətləndirilməsi aparılıb. Tədqiqatlar bu günədək mütəmadi olaraq davam etdirilir. Tədqiqatların nəticələri aşağıdakı kimidir:

"Bakı şəhərinin yaşayış məntəqələrində təbii radioaktiv şüalanma doza gücünün 0,011-0,035 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2, sənaye zonalarında doza gücünün 0,035-0,045 mkrZv/saat, alfa şüalanmanın 0,01-0,04 Bq/sm2, Sumqayıt şəhərinin yaşayış məntəqələrində doza gücünün 0,015-0,035 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2, sənaye zonalarında doza gücünün 0,030-0,045 mkrZv/saat, alfa şüalanmanın 0-0,05 Bq/sm2 qiymətləri təyin edilib.

Sədərək rayonunda təbii radioaktiv şüalanma doza gücünün 0,031-0,042 mkrZv/saat, alfa şüalanmanın 0-0,11 Bq/sm2, Naxçıvan şəhərində və Ordubad rayonu ərazilərində doza gücünün 0,045-0,082 mkrZv/saat, alfa şüalanmanın 0-0,01 Bq/sm2, Beyləqan-İmişli rayonları ərazilərində doza gücünün 0,031-0,042 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2 qiymətləri təyin edilib.

Ölkənin cənub, mərkəzi, şimal-şərq, şimal qərb rayonları ərazilərində təbii radioaktiv şüalanma doza gücünün 0,011-0,140 mkrZv/saat, alfa şüalanmanın 0-0.03 Bq/sm2 qiymətləri təyin edilib".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->