Dünya üzrə aviaşirkətlər aviasiya yanacağının mümkün çatışmazlığı ilə bağlı fövqəladə planlar hazırlamağa başlayıb. Yaxın Şərqdə münaqişənin gərginləşməsi yaxın həftələrdə tədarüklərə təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" nəşri yazır.
Sənaye mənbələrinin məlumatına görə, aviasiya yanacağının qiymətləri artıq kəskin şəkildə artıb və son günlər ABŞ və İsrailin İrana raket zərbələrindən sonra iki dəfə bahalaşıb. Ekspertlər bildirir ki, bu tendensiya davam edərsə, aviabiletlərin qiyməti də yüksələcək.
Aviaşirkət rəhbərləri qeyd edir ki, növbəti aydan sonrakı dövr üçün yanacaq təminatı ilə bağlı aydın təsəvvür yoxdur. Xüsusilə uzun məsafəli reyslərdə geri dönüş uçuşları üçün yanacaq tapılmasında çətinliklər yarana bilər.
"Air France-KLM" şirkətinin baş direktoru Ben Smit bildirib ki, şirkət artıq müxtəlif ssenarilər üzərində işləyir. Onun sözlərinə görə, vəziyyət regiondan asılı olaraq dəyişir – Cənub-Şərqi Asiya Körfəz regionundan yanacaq tədarükündən Avropaya nisbətən daha çox asılıdır.
"easyJet" loukosterinin rəhbəri Kenton Carvis isə deyib ki, tədarükçülər yalnız yaxın üç həftə üçün yanacaq təminatına zəmanət veriblər. Daha uzun müddət üçün isə heç bir təminat yoxdur.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) da vəziyyətin ciddiliyinə diqqət çəkib. Təşkilatın baş direktoru Villi Uolş bunun son illərin ən ciddi yanacaq təchizatı problemi ola biləcəyini bildirib.
Hazırda Böyük Britaniya və digər bəzi Avropa ölkələrində yanacaq ehtiyatları kifayət qədər olsa da, uzunmüddətli perspektivdə vəziyyətin çətinləşə biləcəyi istisna edilmir.
Ekspertlər hesab edir ki, mümkün qıtlıq reyslərin sayının azalmasına, biletlərin daha az əlçatan olmasına və qiymətlərin artmasına səbəb ola bilər. Bu isə xüsusilə yay turizm mövsümü ərəfəsində sərnişinlər üçün əlavə çətinlik yaradacaq.
Aydın
Şərhlər