Xəbər lenti

Nənəsinin paltarını oğurladı, qohumları ondan imtina etdi - Səhnəmizin
Sənət 19:42 20.03.2026

Nənəsinin paltarını oğurladı, qohumları ondan imtina etdi - Səhnəmizin "Məcnun"u

Bu gün görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin (Rzayev) anadan olmasından 147 il ötür. Səhnəmizin əfsanəvi "Məcnun"u Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olub. Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu, həvəskarların ifasında "Xan Sarabi" adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın nəticəsidir.

Onun teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun "Dilin bəlası" pyesində "Rəsul" obrazını canlandıran Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayıb.



Qaynarinfo musavat.com-a istinadən Hüseynqulu Sarabskinin 1938-ci ildə qələmə aldığı "Köhnə Bakı" əsərindən maraqlı xatirəsini təqdim edir.

Xanəndə "Dilin bəlası" tamaşasında oynayarkən başına gələnləri əsərdə belə nəql edir:

"Nəriman Nərimanov, Rəhim Məlikov, Kərim Məlikov, Murad Muradov, Cabbarlinski, Məhəmməd Məlikov (Əlvəndi), Şəkixanov, Mahmud Məlikov, İsmayılbəy Rüstəmbəyov, Mirməhmud Kazimovski, Midhəd Məlikov, Məhəmməd İsmayılbəyov, Əbülfət Vəliyev (Vəli), Hacıbəy Axundov (Lala), Tofiq, Mahmud Bədəlbəyov, Əvəz, Bədəlbəy Bədəlbəyov, Mirzə Muxtar Məmmədov, Qəmboy Məlikov, Cahangir Zeynalov, Məhəmmədəlibəy Səlimbəyov, A. Fərzəlibəyov, Nataliya Lizina, Stepanova, Süleyman Səlimbəyov. – Hamı cəm olduqdan sonra Məhəmmədəlibəy izahat verdi ki, bir neçə yoxsul tələbələrin nəfinə bir tamaşa vermək istəyirlər. Hamı razı oldu. Yoldaş Nərimanın (N. Nərimanov – red.) rejissorluğu ilə onun pyesası olan "Dilin bəlası" komediyasını oynamağı qərara aldıq. Rollar paylandı. Rəsulun rolunu mənə verdilər. Bu roldan əlavə pyesə lazım olan paltarların tapılmasını da mənə həvalə etdilər. (Paltar barəsində səhnəmiz olduqca əziyyət çəkirdi. Qadın paltarı nə teatrda var idi, nə də bir yerdən tapmaq olurdu. Çünki arvad paltarını səhnəyə verənlər dindən çıxmış hesab olunurdular). Kişi paltarlarını birtəhər əldə edə bildim. Arvad paltarlarından ötrü heç kəsə müraciət etmək olmazdı. Çox fikirdən sonra ümidim hər yerdən kəsildi. Odur ki, gedib evdən nənəmin və xalalarımın paltarlarını gizli surətdə oğurlayıb aparmaq fikrinə düşdüm. Gecə onların paltarlarını oğurlayıb başımın altına gizlədim və sabahı teatra apardım...

1902-ci il ayının birində, "Dilin bəlası" komediyasında, birinci dəfə Rəsul rolunda səhnəyə çıxdım. Teatr müvəffəqiyyətlə keçdi. Tamaşa bitdi. Lakin mənim işim bitməmişdi. Evə gəlib istədim gizlincə paltarları yerinə qoyam. Demə, onlar məsələni biliblərmiş. Odur ki, qapını açar-açmaz mənim üstümə hücum elədilər: "Elə bu qalmışdı ki, bizim paltarlarımızı oyunbazxanalara aparıb, xalqın qabağında göstərəsən? Bərəkallah sənə! Tfu sənin üzünə! Utanmaz, həyasız, yolsuz, dinsiz!"

İşi şuluq görüb yalvarmağa başladım. Teatrın müvəffəqiyyətlə getməsi və birinci dəfə səhnəyə çıxmağım məni çox sevindirirdi. Amma evdə abrımı almaları ovqatıma soğan doğradı. Nə isə, yatdım. Səhər məni çağırdılar.

Dayım oğulları, atalığım və xalalarım bir yerdə məni danlamağa başladılar. Əvvəl dayım oğlu Nemət başladı:

– Hüseynqulu, indiyə qədər hər nə eləmisən, biz sənin üçün keçirik. Atam, qardaşım, bu bir yol deyil ki, sən gedirsən. Ana-bacının paltarlarını aparıb xalqa göstərmək kişilik deyil. Sabah xalq eşidib bizə nə deyər? Burada başqa adam yoxdur, özümüzük: əgər istəyirsən özünə bir gün qazanasan, camaat arasında hikmətin olsun, ev-eşik sahibi olasan, gərək məscidə gedəsən, qiraət öyrənəsən, şəriətə və Allah buyruğuna əməl edəsən, düz yola qayıdıb teatrdan əl çəkəsən. Axırıncı sözümüzdür, sənə deyirik: əgər bunlara əməl etməsən, bizim Hüseynqulu adlı qohumumuz yoxdur.

Bu sözləri deyib getdi. Mən durduğum yerdə dərin xəyala getdim. Heç bilmədim hardayam. İki gün bu söz məni götürdü. Təsadüfən yoldaş Nərimana rast gəldim və dayım oğlu deyən sözləri ona söylədim.

Nəriman nəsihətə başladı:

– Hüseynqulu, sən əgər istəyirsən camaat arasında adın olsun, mətbuatdan xəbərdar olub camaatına qulluq edəsən, gərək ziyalılardan əl çəkməyib heç bir boş sözə qulaq asmayasan. Avam camaatın və qohumların zərbəsinə davam edib səhnədə çalışmalısan. Bizim teatrımız belə qalmayacaq, bizim səhnəmiz yüksələcək. Bir gün gələcək səni vurub, döyən-söyən camaat səni alqışlayacaq, buna inan və məsləkində möhkəm dur!

İki xeyirxah! Dayım oğlu, əlbəttə, mənim pisliyimi istəməyəcək! Bir də mənim müəllimim: o da həmçinin. Bəs necə olsun? Bu sözlərin hansı düzdür? Əlbəttə, bu sözlərin biri düzdür. O hansıdır? Hansına əməl edim? Bir halda ki, camaat teatr və artistin nə olduğunu bilmir, bir halda ki, avam mollaların təsiri altında teatr xalqın gözündə bir fısqı-fücur ocağı, artistlər qafil hesab olunur, o halda məktəb və tərbiyə görməmiş, maarif və mədəniyyətdən uzaq bir gənc nə edə bilər? Və hansı yolu qəbul edə bilər?

Çox düşündükdən sonra qərara gəldim ki, bu iki xeyirxahın ikisinin də dediyinə əməl edərəm, hansı yaxşı olsa, o yol ilə gedərəm.

Məscidə və axund otağına getdim. Nə gördüm? "Məczub" deyib qiraət öyrənənlər, başlarına xətt başı qoyanlar axund otağından çıxdıqdan sonra nahaq qana fitva verirlər. Yetimlərin malını yeyib, ananı balasız, balanı anasız qoyurlar. Bir dəqiqədə dini, imanı yandırıb məhkəmələr qarşısında yalandan şəhadət verib and içirlər. Amma ziyalılar bu kimi hərəkətləri tamaşa halına salıb, camaata göstərirlər.

Camaat isə səhnədə zalımın zülmünü, məzlumun əzilməsini görüb yavaş-yavaş öz hüququnu düşünür və bu işləri alqışlayır. Ziyalılar xam, təcrübəsiz adama bilmədiyini öyrədirlər. İnsanlarla şirin-şirin danışır, səhvlərini düzəldirlər. Bunlarda nə söyüş var, nə dalaşmaq. Bunları gördükdə dedim: "Yoldaş Nəriman deyən yol doğrudur. Teatr gələcəkdə bağlı gözləri, lal dilləri, eşitməyən qulaqları açacaq və anlamayan beyni anlayacaqdır". Odur ki, mövhumatı buraxıb, incəsənət cəbhəsində çalışmağa başladım".
--> -->