Xəbər lenti

Aİ Trampın rüsumlarına qarşı
Dünya 14:01 22.01.2025

Aİ Trampın rüsumlarına qarşı "kökə və kötək" strategiyası hazırlayır

Avropa Komissiyası Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Avropa İttifaqına yeni rüsumlar tətbiq edəcəyi təhdidlərinə cavab olaraq, yay aylarından etibarən hazırlıq işlərinə başlayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” nəşrində yayımlanan məlumatda bildirilib.  

ABŞ-ın potensial tariflərinə Avropa Komissiyasının reaksiyasının detalları diqqətlə qorunur və böyük ölçüdə yeni prezidentin konkret addımlarından asılıdır. Bununla belə, Komissiyanın ikili yanaşma tətbiq edəcəyi məlumdur: "kötək” - Aİ-nin cavab rüsumları və "kökə” - ABŞ mallarının alışını artırmaq üçün təkliflər.  

Bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyadan alınan mayeləşdirilmiş təbii qazı (LNG) əvəz etmək üçün ABŞ-dan daha çox LNG almağı təklif edib.  

Lakin Aİ-nin hazırlıqlarına baxmayaraq, Avropa rəsmiləri mümkün ticarət müharibəsindən narahatdır. 2023-cü ildə Aİ ilə ABŞ arasında mal və xidmət ticarəti rekord həddə - 1,54 trilyon avroya çatıb.  

Avropa Komissiyasının rəsmiləri bu ticarəti "taraz” hesab edir, çünki Aİ ABŞ-dan aldığı xidmətlərin həcmi, ona satdığı xidmətlərin həcmini üstələyir. Ancaq Tramp daha çox mal ticarətindəki ABŞ-ın mənfi saldosuna diqqət yetirməyə meyillidir.  

ABŞ-ın tətbiq edəcəyi cəmi 10 faizlik tariflər belə, avropalı ixracatçılara, xüsusilə də Almaniya avtomobil sənayesinə ciddi zərər vura bilər.  

Əgər Tramp Çin mallarına 60% rüsum tətbiq etməklə bağlı təhdidini gerçəkləşdirsə, Aİ siyasi təzyiqlə üzləşə, bu addımı təkrarlamağa məcbur qala və nəticədə qlobal bazarların ucuz Çin malları ilə dolması səbəbilə qiymətlərin azalmasına və avropalı istehsalçıların biznesinin zərər görməsinə şahid ola bilər.  

ABŞ-ın gözlənilməz davranışı ilə üzləşən Aİ, Yaponiya və Böyük Britaniya kimi inkişaf etmiş və oxşar düşüncəyə malik ölkələrlə ortaq ticarət yanaşmaları axtarmaq niyyətindədir.  

Trampın qələbəsindən cəmi bir neçə gün sonra Aİ-nin 27 lideri bir araya gələrək İttifaqın maraqlarını qoruyan və irəli aparan ticarət siyasətinə sadiq qalacaqlarını bəyan edən deklarasiya qəbul ediblər.  

Xatırladaq ki, Tramp 14 yanvarda verdiyi açıqlamada, böyük tariflərdən gəlir toplayacaq Xarici Gəlirlər Xidməti yaradacağını bildirmişdi.  

Payız aylarında Avropa İttifaqı, Trampın təhdidlərini yerinə yetirəcəyi halda, cavab tədbiri olaraq ABŞ mallarına tətbiq ediləcək rüsumların siyahısını hazırlayıb.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->