Xəbər lenti

Rusiya fevraldan Türkiyə vasitəsilə Dnestryanıya qaz verməyə hazırlaşır
Dünya 15:57 22.01.2025

Rusiya fevraldan Türkiyə vasitəsilə Dnestryanıya qaz verməyə hazırlaşır

Rusiyanın Dnestryanı bölgəyə qaz tədarükü, böyük ehtimalla, 1 fevraldan etibarən Türkiyə üzərindən həyata keçiriləcək – bunun üçün "Türk Axını" qaz kəmərinin bir hissəsi bron edilib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri məlumat yayıb.  

Məlumata görə, 20 yanvarda Kiprin Ozbor Enterprises şirkəti Türkiyə və Bolqarıstan sərhədindəki "Stranca-2" giriş nöqtəsinə qədər "Türk Axını" qaz kəmərinin təxminən 3,1 milyon kubmetr gündəlik buraxılış gücünə malik bir hissəsini bron edib. Bu məlumat ticarət platforması RBP-nin göstəricilərində əks olunub.  

Bronlama bir ay müddətində – 1 fevraldan etibarən nəzərdə tutulub. Bu həcmlər faktiki olaraq Dnestryanı bölgənin qaz tələbatına uyğundur. Nəşrin mənbələri bildirir ki, Rusiyanın tanınmamış bölgəyə qaz tədarükü üçün müxtəlif variantlar nəzərdən keçirilir, Türkiyə üzərindən keçid prioritet olaraq qalır.  

Belə bir senarinin reallaşması nəticəsində tədarük olunan qazın dəyəri 160 milyon dollar həcmində qiymətləndirilir.  

Dnestryanı bölgəyə qaz tədarükü minimum tələb olunan həcmdə həyata keçiriləcək. Bu, əvvəlki illərdən fərqlidir, çünki qazın elektrik enerjisi istehsalı və Moldovaya tədarük üçün istifadəsinə imkan verən həcmlərdən danışılmır.  

2025-ci il yanvarın 1-dən etibarən "Qazprom" Ukrayna ilə tranzit müqaviləsinin başa çatması səbəbindən tədarükləri dayandırıb. Şirkət "Moldovagaz"ın borcunun ödənilmədiyini əsas gətirərək qaz verməyi dayandırıb. "Qazprom" borcun 709 milyon dollar olduğunu iddia etsə də, Kişinyov bu rəqəmi qəbul etmir.  

Rusiyanın qaz verilməməsi səbəbindən Dnestryanı bölgədə yaşayış binalarının mərkəzi istilik sistemi və isti su təchizatı dayandırılıb, elektrik enerjisinin növbəli olaraq kəsilməsi həyata keçirilir, praktiki olaraq bütün sənaye müəssisələri fəaliyyətini dayandırıb.  

Tanınmamış Dnestryanı hakimiyyəti bəyan edir ki, iqtisadi rejimdə istifadə olunan mövcud təbii qaz ehtiyatları yanvarın sonuna qədər kifayət edəcək.  

Ötən həftə tanınmamış Dnestryanı respublikanın lideri Vadim Krasnoselski Moskvaya səfər edərək qazla bağlı danışıqlar aparıb. O, qayıtdıqdan sonra bəyan edib ki, qaz təchizatı "humanitar yardım" çərçivəsində yaxın vaxtlarda bərpa olunacaq.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->