Çərşənbə günü neftin qiymətləri artmağa başlayıb. İnvestorların diqqət mərkəzində ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatlar, Prezident Donald Trampın rüsumlar tətbiq etmək ehtimalı və onun vəzifəyə başlayarkən enerji sektorunda elan etdiyi fövqəladə vəziyyətin mümkün təsirləri dayanır.
Qaynarinfo xəbər verir ki, Bakı vaxtı ilə 14:47-də Brent markalı neft fyuçerslərinin qiyməti 0,68% artaraq bir barel üçün 79,83 dollar olub, WTI markalı neftin qiyməti isə 0,75% artaraq 76,4 dollar təşkil
edib.
UBS-dən Covani Staunovo qeyd edib ki, neftin qiymətinə dolların kiçik zəifləməsi və fond bazarlarında müşahidə edilən müsbət risk əhval-ruhiyyəsi dəstək olub.
"ABŞ-da bu həftə neft ehtiyatlarının azalacağına dair bəzi gözləntilər də, yəqin ki, qiymətləri bir qədər artırır. Ancaq bazar iştirakçıları hələ də Trampın rüsumlar və sanksiyalar siyasəti ilə bağlı gələcək addımlarına daha çox aydınlıq gözləyirlər”, – deyə Staunovo bildirib.
Tramp çərşənbə axşamı bəyan edib ki, onun administrasiyası 1 fevraldan Çin mallarına 10% rüsum tətbiq etməyi, habelə Meksika və Kanadaya 25%-lik rüsumun tətbiq olunacağı barədə əvvəlki şərhlərinə uyğun olaraq tədbirlər görməyi müzakirə edir.
O, Avropa idxalına da rüsum tətbiq edəcəyinə söz verib, lakin heç bir ətraflı məlumat verməyib.
"ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından diqqət tədricən Prezident Trampın ticarət siyasətinə doğru dəyişir”, – deyə ING analitikləri bildirib və əlavə ediblər ki, enerji sektoru artan rüsum təhdidlərinin təzyiqi altındadır.
Eyni zamanda, ABŞ Prezidenti bildirib ki, administrasiya, yəqin ki, Venesueladan neft idxalını dayandıracaq. Venesuela ABŞ-a ən iri neft tədarükçülərindən biridir.
Morgan Stanley analitikləri müştərilərinə göndərilən qeyddə bildiriblər ki, Trampın enerji təşəbbüsü ABŞ-da investisiyaların dərhal artmasına və ya hasilatın böyümə sürətinin dəyişməsinə gətirib çıxarmayacaq. Bununla yanaşı, təşəbbüs neft məhsullarına olan tələbatın azalmasını müəyyən qədər yumşalda bilər.
Bununla yanaşı, Şimali Dakota ştatında ekstremal soyuq hava və bununla bağlı əməliyyat çətinlikləri səbəbindən neft hasilatı gündəlik 130.000–160.000 barel azalıb, çərşənbə axşamı boru kəmərləri idarəsi bildirib.
Alpər
Şərhlər