"Nobel Sülh Mükafatı almağa çalışan Trampın Venesuela ilə müharibədə maraqlı olduğunu düşünmürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-la Venesuela arasında son günlər gərginləşən münasibətləri şərh edərkən deyib.
"Hakimiyyətinin ilk aylarında Tramp daha çox Kanada, Panama və Qrenlandiyaya görə Danimarkanı təhdid edirdi. Amma son aylar hər üç istiqamətdə səssizliyin, unutqanlığın şahidiyik", deyə politoloq bildirib.
O qeyd edir ki, Venesuela ilə ilə ABŞ arasında yaşanan gərginlik, düşmənçiliyin başlanğıcı isə Trampdan əvvəlki hakimiyyətlərin dövrünə düşür:
"Bu münasibətlədin dərin ziddiyyətdə olmasının bir səbəbi də Venesuelanın anti-Amerika gücləri, Rusiya, Çinlə daha çox siyasi-iqtisadi əlaqədə olmasıdır. Görünür, ABŞ üçün bölgənin kənar güclərin təsirinə düşən ölkə kimi Venesuela ilə bağlı vaxt itirmədən ciddi qərarlar qəbul etmək istiqamətində düşüncələri var".
Politoloqun fikrincə, Trampla Madura arasında hazırkı söz atışmasının mərmi atışması ilə əvəzlənməsi ehtimalı istisna deyil:
"Enində sonunda bu baş verəcək. Ya Venesuelada hakimiyyət dəyişikliyi baş verməlidir, amma uzun illərin təcrübəsi yerli xalqın buna həvəsinin, niyyətinin olmadığını da göstərir. Belə olan təqdirdə, yeganə yol kənar müdaxilədir. Lakin onun da birbaşa ABŞ tərəfindən edilib-edilməyəcəyi barədə birmənalı söz demək çətindir. Çünki Nobel Sülh Mükafatı almağa hazırlaşan Trampın indilikdə yeni müharibənin təşəbbüskarı olması ehtimalı inandırıcı deyil. Amma Venesuela müəyyən təxribatlara gedərsə, bu halda müharibə real ola bilər".
Qeyd edək ki, son zamanlar ABŞ-la Venesuela arasında uzun illərdir yaşanan gərginlik pik həddə çatıb. ABŞ Karib hövzəsində hərbi gəmilər yerləşdirərək, Venesueladan gələn narkotik axınının qarşısını alacağını elan edib.
Bu fonda ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə jurnalistin Venesuelaya qarşı hərbi gücün tətbiqi ehtimalı barədə sualına birbaşa cavab verməkdən yayınaraq, qısaca olaraq, "görəcəksiniz” deyib.
Yəni Tramp Vaşinqtonun belə bir addım ata biləcəyi ehtimalını nə təkzib edib, nə də təsdiqləyib. Venesuela prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəddə, eləcə də ölkənin Karib hövzəsində və Atlantik okeanı sahillərində 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib.
Rüfət Sultan
Şərhlər