Xəbər lenti

ABŞ-İran savaşı: Tramp məsləhətçilərindən məlumat alıb
Dünya 13:41 10.03.2026

ABŞ-İran savaşı: Tramp məsləhətçilərindən məlumat alıb

ABŞ prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, İranın ABŞ-a hücuma hazırlaşdığı barədə məsləhətçilərindən aldığı kəşfiyyat məlumatlarına əsasən hərəkət edib.

Qaynarinfo-nn məlumatına görə, Tramp mətbuat konfransında çıxışı zamanı deyib ki, İranın ABŞ-a qarşı hücum planlaşdırdığı barədə ona məlumat verilib və bu səbəbdən hərbi addım atmaq qərarı verilib.

Prezident bildirib ki, Stiv Uitfoff, Cared Kuşner, Pit Heqset və Marko Rubio kimi şəxslərin ona çatdırdıqları məlumatlara əsasən İranın hücum edəcəyini düşünüb: "Əgər həmin anda bu addımı atmasaydıq, onların bizə hücum planlaşdırdıqlarına inana bilərdim".

Trampın açıqlamasında xüsusilə kürəkəni Cared Kuşner, ABŞ müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio kimi şəxslərin adını çəkməsi Vaşinqtonda geniş müzakirələrə səbəb olub. ABŞ mediası prezidentin sözlərini İran əməliyyatının məsuliyyətini məsləhətçilərinin üzərinə qoyması kimi qiymətləndirib.

Tramp bir gün əvvəl verdiyi açıqlamada isə Yaxın Şərqdəki müharibənin böyük ölçüdə başa çatdığını bildirmişdi. Onun bu bəyanatı qlobal bazarlarda və diplomatik dairələrdə diqqətlə izlənilib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi bəzi region ölkələrindəki hədəflərə zərbələr endirib.

İran rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində 1332 nəfər həyatını itirib. Həlak olanlar arasında İranın ali rəhbəri Əli Xamenei də olub.

Daha sonra İranın Ekspertlər Şurası ölkənin yeni ali rəhbəri kimi onun oğlu Müctəba Xamenei seçildiyini elan edib.

Hazırda ABŞ və İran arasında gərginlik tam aradan qalxmasa da, regionda vəziyyət diqqətlə izlənilir.
 
Günay

--> -->