Xəbər lenti

Doğum evindən yayılan foto müzakirə yaratdı - Professor nə düşünür?
Ölkə 11:53 10.03.2026

Doğum evindən yayılan foto müzakirə yaratdı - Professor nə düşünür?

"Bütövlükdə bu xəstələrin fotolarnın sosial şəbəkələrə çıxması bəzən xəstələrin öz razlığı ilə bağlı olur".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sosial şəbəkələrdə 7 saylı doğum evində əməliyyata hazırlanan qadının fotosunun yayılmasından danışarkən deyib. 

O bildirib ki, belə fotolar çəkiləndə əvvəlcədən xəstələrdən razılıq alınır:

"Razılıq olmadan şəxsi məlumatların ictimailəşdirilməsi məsuliyyət yaradır. Bu səbəbdən düşünmürəm ki, bunu xəstədən xəbərsiz edirlər. Amma xəstələr də gərək bu hallara icazə verməsin".
 


Adil Qeybulla hesab edir ki, həkim etikası haqqında qanun olmalıdır:

"Bu məsələlər hüquqla tənzimlənməlidir. Təəssüflər olsun ki, bizdə hər şey Hippokrat andına bağlıdır ki, bu da heç nəyi həll etmir. Belə münasibətlərin xeyli maddiləşdiyi, kapitalist təfəkkürünün formalaşdığı bir cəmiyyətdə hüquq işləməlidir. Hüquq işləməyəndə bu cür məsələlər geniş vüsət alır".

Professorun fikrincə, işlər elə qurulmalıdır ki, xəstələr xəstəxanada aldığı müalicədən real fayda görsünlər:

"İşlər peşəkar qurulmalıdır. Peşəkar qurulmaq üçün xəstəxanada həm şərait, həm də peşəkarlıq yüksək olmalıdır. Bu o qədər geniş mövzudur ki, səhiyyənin bütün nöqsanları gəlib bu məsələdə dayanır. Ümumiyyətlə, xəstəxanalarda əsas diaqnostika, müalicə üçün sterilizə, digər ləvazimatlar və ən başlıcası peşəkar kadrların olmalıdır".

Qeyd edək ki, sosial şəbəkələrdə 7 saylı doğum evində əməliyyata hazırlanan qadının fotosu yayılıb. Xəstəxananın şəraitini nümayiş etdirən foto cəmiyyətdə böyük narahatçılıq yaradıb. 

Bahar Rüstəmli
--> -->