2-ci qrup gözdən əlil 18 ildir haqqı olduğu mənzili gözləsə də, Sosial Xidmətlər Agentliyi onu bu haqqından məhrum edib.
Qaynarinfo "Poliqon"a istinadən xəbər verir ki, 2-ci qrup gözdən əlil olan Sabail rayonu sakini Niftaliyeva Sevil Həsən qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Şikayətçi müraciətində bildirib ki, gözdən əlil kimi 18 ildir mənzil növbəsində olsa da, hələ də mənzillə təmin olunmayıb. Halbuki ondan sonra növbədə olanların demək olar ki, hamısı Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin olunublar.
Belə ki, Sevil Niftalıyeva 03 dekabr 2007-ci il tarixdən etibarən mənzil növbəsində dursa da, müvafiq qərara uyğun olaraq birotaqlı mənzillə təmin olunmayıb. Agentlikdən aldığı və İdarə Heyətinin sədrinin müavini Faiq Ağayevin imzaladığı son məktubda isə bildirilir ki, Agentliyin tabeleyində bir otaqlı mənzil olmadığına görə, gözdən əlil qanunvericiliyə uyğun qaydada mənzillə təmin olunmayıb və bir otaqlı mənzil olan kimi əlil mənzillə təmin olunacaq.
Qeyd edək ki, bir otaqlı mənzillər bir çox gözdən əlillərə verilib. Amma Agentlik 18 il müddətində Sevil Niftalıyevanı mənzillə təmin etməyib.
"Artıq 18 ildən çox vaxt keçməsinə baxmayaraq, mənzil problemi həllini tapmayıb. Mənə bildirilir ki, birotaqlı mənzil mövcud deyil. Halbuki mən uçuq və yaşayış üçün yararsız vəziyyətdə olan evdə yaşamağa məcburam. Sağlamlıq vəziyyətim nəzərə alınarsa, bu şərait mənim üçün həm təhlükəli, həm də ağırdır. Hesab edirəm ki, dövlət tərəfindən qəbul olunmuş qərarın icrası gecikdirilməməlidir. Əgər birotaqlı mənzil faktiki olaraq mövcud deyilsə, mənim hüququm təmin edilərək ikiotaqlı mənzillə əvəz olunması məsələsinə baxılması məqsədəuyğun olar. Çünki əsas məsələ mənzil sahəsinin ölçüsü deyil, yaşayış hüququmun təmin edilməsidir", deyə Sevil Niftalıyeva müraciətində bildirir.
Hüquqşünasların sözlərinə görə, gözdən əlilllərin evlə təmin olunması 3 il müddətində həyata keçirilməlidir və bu qanunvericiliyin tələbidir. Bu müddət ötdükdən sonra əlil növbədənkənar evlə təmin olunmalıdır. Həmçinin vurğulanıb ki, qanunvericiliyin tələblərinə görə, bir otaqlı mənzilin olmadığı halda, əlil iki otaqlı mənzillə təmin olunmalıdır.
Onu da qeyd edək ki, Sevil Niftalıyeva hazırda bacısın evinə sığınıb. Bundan əvvəl isə qızına aid olan yaşayış üçün yararsız vəziyyətdə olan evdə yaşamağa məcbur olub. Şikayətçi onu da qeyd edir ki, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları qızının evinə baxış keçiriblər və həmin mənzildə yaşayış şəraitinin olmadığını təsdiqləyiblər. Bundan sonra isə gözdən əlil olan yaşlı qadın bacısına sığınmağa məcbur olub. Lakin bacısın evində də sakin çoxluğu ilə bağlı yaşam şəraiti çox ağırdır. Şikayətçinin həyat yoldaşı yoxdur və hazırda işsiz olan bir qızı var.
Dözülməz şəraitdə yaşadığını bildirən Sevil Niftalıyeva əlilliyi olan bir vətəndaş kimi Konstitusiya ilə qorunan sosial müdafiə hüququnun təmin olunmasını istəyir:
"Mən uzun illərdir səbir və ümidlə gözləyirəm. Əlilliyi olan bir vətəndaş kimi Konstitusiya ilə qorunan sosial müdafiə hüququmun təmin olunmasını Sizdən xahiş edirəm. Sizdən xahiş edirəm ki, məsələ obyektiv araşdırılsın və mənzil təminatı ilə bağlı qəbul olunmuş qərarın icrası təmin edilsin".
Sayt Sevil Niftalıyevanın şikayəti əsasında martın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə sorğu ilə müraciət edib. Amma hələ sorğuya cavab verilməyib.
Şərhlər