Ramazan ayında oruc tutanların ən yayğın vərdişlərindən biri uzun müddət aclıqdan sonra mədəni birdən-birə doldurmaqdır. Lakin bu, bəzi sağlıq problemlərinə yol aça bilər. Mütəxəssislər iftar yeməyini iki mərhələyə bölməyi və arada 15 dəqiqə fasilə verməyi tövsiyə edir. Bu üsul həm həzm sistemini yüngülləşdirir, həm də toxluq hissini daha sağlam idarə etməyə kömək edir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, orucluq zamanı təxminən 14-16 saat ərzində qida qəbul etməyən bədəndə həzm sistemi "istirahət rejiminə” keçir: mədə boşalır, bağırsaq hərəkətləri yavaşlayır, insulin səviyyəsi minimuma enir. Uzun müddət aclıqdan sonra böyük porsiyalarla yeməklə mədəyə ağır yük düşür və həzm sistemini yükləyir. Bu isə halsızlıq, mədə şişkinliyi və həzm pozuntusu kimi narahatlıqlara səbəb ola bilər.
İftarın ilk mərhələsi: yüngül qida və fasilə
İftara xurma ilə başlamaq tövsiyə olunur, çünki xurma tərkibindəki təbii şəkərlərlə qan şəkərini balanslı artırır, su isə gün ərzində itirilmiş mayeni bərpa etməyə kömək edir. Bununla yanaşı az duzlu bir şorba mədəni əsas yeməyə hazır edir və yüngül doyma hissi verir. Əgər şorba yoxdursa, bir neçə dilim tam buğda çörəyi ilə qatıq və ya kefir qəbul edilə bilər.
İlk mərhələdən sonra 15 dəqiqə fasilə vermək vacibdir. Bu ara bədənin həzmə hazırlanmasını təmin edir və toxluq hissini daha düzgün qiymətləndirməyə imkan yaradır. Fasilə zamanı yüngül gəzinti etmək və ya dincəlmək, həmçinin su içməyə davam etmək faydalıdır.
İftarın ikinci mərhələsi: balanslı əsas yemək
Fasilədən sonra iftarın ikinci mərhələsində protein, lif və sağlam yağlar ilə zəngin balanslı əsas yemək qəbul etmək lazımdır. Sobada və ya kabab kimi bişmiş toyuq, balıq və ya mal əti kimi sağlam protein mənbələri, yanında bol yaşıl salat və kompleks karbohidratlar (bulqur, tam buğda çörəyi, tam buğda makaronu) tövsiyə olunur. Lif baxımından zəngin qidalar mədəni uzun müddət tox saxlayır, gün ərzində aclıq hissini gecikdirir və bağırsağın sağlamlığını dəstəkləyir.
Yağlı və ağır yeməklərdən çəkinmək vacibdir. Qızartmalar, çox ədviyyatlı və işlənmiş qidalar həzmi çətinləşdirir, mədəyə zərər verə və iftar sonrası halsızlıq yarada bilər. Bunun əvəzinə qaynadılmış, kabab edilmiş və ya sobaya verilmiş yeməkdən istifadə edin.
Yeməyi yavaş-yavaş yemək və yaxşı çeynəmək də önəmlidir. Həzm ağızda başlayır və mədəyə düşən yük azalır. Yavaş yemək porsiyon kontrolunu təmin edir.
Şirniyyatlardan istifadə
İftardan dərhal sonra ağır və şirin tatlılar yemək qan şəkərini sürətlə artırır, sonra ani enişə səbəb olub halsızlıq yarada bilər. Tatlıyı iftardan 1-2 saat sonra, süd və ya meyvə əsaslı seçimlərlə qəbul etmək tövsiyə olunur. Xurma kimi təbii şirin alternativləri də seçim edə bilərsiniz.
Günay
Şərhlər