Xəbər lenti

ABŞ-ın böyük planı: Çin, Rusiya, İran və Şimali Koreyanın qorxusu olacaqmı?
Dünya 18:07 05.03.2025

ABŞ-ın böyük planı: Çin, Rusiya, İran və Şimali Koreyanın qorxusu olacaqmı?

ABŞ prezidenti Donald Tramp müdafiə sahəsində böyük planını açıqlayıb. Tramp bəyan edib ki, ABŞ İsraildəki "Dəmir qübbə"yə bənzər "Qızıl qübbə" müdafiə sisteminə sahib olmalıdır. ABŞ mediası isə Çin, Rusiya, İran və Şimali Koreyadan gələ biləcək təhdidlərə qarşı "Qızıl qübbə" sisteminin vacibliyini müdafiə edib.

Qaynarinfo xəbər verir ki, ABŞ-da ikinci dəfə prezident kreslosuna əyləşən Donald Tramp keçirilən birgə iclasda ilk dəfə Konqresə müraciət edib. Senat və Nümayəndələr Palatasının üzvlərinə səslənən Tramp ABŞ-ın İsrailin "Dəmir qübbə" sisteminə bənzər müdafiə sistemi quracağını bildirib.

Tramp "Qızıl qübbə" adlandırdığı raketdən müdafiə sistemi ilə bağlı bunları deyib:

"Məqsədim dünyanın ən güclü ordusunu yaratmaqdır. Vətənimizi qorumaq üçün Konqresdən ABŞ istehsalı olan son texnologiyalı "Qızıl qübbə" raketdən müdafiə sistemini maliyyələşdirməsini istəyirəm".

Tramp 1983-cü ildə irəli sürülən və ABŞ-ı mümkün raket hücumlarından qoruyacağı iddia edilən Strateji Müdafiə Təşəbbüsünü (SMT) xatırladaraq, sabiq prezident Ronald Reyqan tərəfindən açıqlanan kosmos əsaslı müdafiə sisteminə toxunub: "Prezident Ronald Reyqan nüvə hücumlarına qarşı effektiv müdafiə qurmağa çalışmışdı. Bu proqram bir çox texnoloji irəliləyişlərə səbəb olsa da, məqsədinə çatmadan ləğv edildi".

Reyqanın layihəsini həyata keçirəcək texnologiyanın 1983-cü ildə mövcud olmadığını bildirən Tramp hazırda bunun mümkün olduğunu vurğulayıb. İsrailin "Dəmir qübbə" müdafiə sisteminin bir bənzərinin ABŞ-da da olması gərəkdiyini deyən Tramp əlavə edib: 

"İsraildə var, başqa yerlərdə də var. ABŞ-da da olmalıdır. Çox təhlükəli bir dünyada yaşayırıq və bu sistemə sahib olmalıyıq. Qorunmaq istəyirik. Vətəndaşlarımızı heç vaxt olmadığı qədər yaxşı qoruyacağıq".

Çin, Rusiya, İran və Şimali Koreya qorxusu

Trampın 27 yanvarda imzaladığı fərmanda proqram üçün "Amerika üçün dəmir qübbə" adı verildiyi, lakin 25 fevralda proqramın adının "Qızıl qübbə" olaraq dəyişdirildiyi bildirilib.

Proqrama dair "Foreign Policy" tərəfindən yayımlanan analizdə Trampın haqlı olduğu və ABŞ-ın 21-ci əsr təhdidlərindən qorunması üçün bu sistemə ehtiyacı olduğu qeyd olunub.

"Tramp, Rusiya, Çin və Şimali Koreyadan gələn artan təhdidlərə qarşı qorunmaq üçün 1980-ci illərdəki "Ulduz müharibələri" raketdən müdafiə planlarını yenidən canlandırmalıdır", deyə "Foreign Policy" yazıb.

Eyni zamanda bildirilib ki, ABŞ Kaliforniya və Alyaskada Şimali Koreya və İrandan gələ biləcək raketlərə qarşı 44 ədəd yerüstü müdafiə raketi (GBI) yerləşdirib.

Quraşdırılan 44 raketin mümkün daha böyük hücumlar qarşısında yetərsiz qalacağı vurğulanan analizdə qeyd olunub ki, bu raketlər ballistik raketlər üçün nəzərdə tutulmayıb və nüvə başlıqlı və ya hipersəs raketləri tərəfindən asanlıqla zərərsizləşdirilə bilər.

Analizdə həmçinin deyilir:

"Rusiya II Dünya müharibəsindən bəri Avropada ən böyük quru savaşını başlatdı. Çin, Soyuq müharibənin zirvəsindən bəri ən böyük nüvə silahlanmasını həyata keçirdi. Yerüstü müdafiə raketləri ən zəif dəstəkdir. Reyqan və müşavirləri bunu 1980-ci illərdə dərk edərək "Ulduz müharibələri" layihəsinə yönəlmişdilər. Bəli, Amerika üçün dəmir qübbə inşa etmək baha başa gələcək. Amma bu xərclər, gələcəkdə Çin və ya Rusiyanın ABŞ-a edəcəyi bir hücumdan daha az olacaq".

"Lockheed Martin"dən ilk açıqlama

ABŞ müdafiə sənayesindən adı gizli saxlanılan bir rəhbər Trampın "Raytheon", "Lockheed Martin" və "SpaceX"in bu proqram üçün təşəbbüs göstərməsini gözlədiyini bildirib.

ABŞ müdafiə sənayesinin aparıcı şirkətlərindən olan "Lockheed Martin" proqramla bağlı internet saytında açıqlama yayıb. "Amerika üçün qızıl qübbə: ABŞ vətəni üçün raketdən müdafiədə inqilab" başlıqlı açıqlamada deyilir:

"Amerika üçün qızıl qübbə" güc vasitəsilə sülh hədəflərini və prezident Trampın düşmənləri vətənə qarşı hücumlardan çəkindirmə vizyonunu irəli aparmaq üçün inqilabi bir konsepsiyadır. Bu yeni nəsil müdafiə qalxanı daxil olan raketləri aşkarlayacaq, trayektoriyasını hesablayacaq və müdaxilə raketlərini yerləşdirərək hücumların ortasında raketləri məhv edəcək, vətəni qoruyacaq və Amerikanın gücünü nümayiş etdirəcək. Müharibədə sınaqdan keçirilmiş infrastrukturdan istifadə etməklə, düşmən təhdidlərini dayandıracaq və oyunun qaydalarını dəyişəcək texnologiyalar inkişaf etdirəcəyik".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->