"İran hakimiyyətinin Fidanın bəyanatına etiraz etməsi səmimiyyətsiz və qeyri-ciddi haldır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Türkiyə XİN başçısı Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi fonunda Tehranla Ankara arasında yaşanan gərginliyi şərh edərkən deyib.
Azər Qasımov bildirib ki, Hakan Fidanın İran dövlətinin xarici siyasətinin əsas prioritet hissəsi olan ölkə sərhədlərindən kənarda yandaş qrupların dəstəklənməsi, xüsusilə də, qonşu dövlətlərin ərazisində bunu etməsini pisləməsi doğru və yerində olan irad olub:
"İran hakimiyyəti bu addımlarla öz təhlükəsizliyini təmin etdiyini düşünməklə böyük yanlışlığa yol verir. Bu addım digər dövlətlərin təhlükəsizliyini təhlükə altında qoyur. Eyni zamanda İran bu addımla həm özünün, həm də regionun gələcəyinə təhlükə yaradır".
Qasımov deyir ki, İran hakimiyyətinin Fidanın bu bəyanatına etiraz etməsi səmimiyyətsiz və qeyri-ciddi haldır:
"Türkiyə və İran arasında pərdə arxasında siyasi gərginlik hər zaman olub. İranın PKK və Haşdi Şabi-yə dəstək verməsi birbaşa Türkiyə üçün təhdiddir. Bunun dilə gətirilməsi mütləq idi".
Həmsöhbətimiz qeyd edir ki, Türkiyə XİN-nin indiki beynəlxalq situasiyada İranın üzərinə getməsi təsadüfi deyil:
"Məsələ ondadır ki, İran rejimi ABŞ və İsrailin hədəfi altındadır. İsrail Trampın hakimiyyətə gəlməsi ilə İrana qarşı ciddi hərbi hazırlıqlara başlayıb. ABŞ-dan ağır kütləli MK-84 tipli 1 tonluq bombalar gətirib. Bu bombalar dərində yerləşən anbar və anqarların məhv edilməsi üçün istifadə edilir. Görünən odur ki, İsrail və ABŞ İranın hərbi obyektlərinə ciddi zərbələr endirəcək. İran özü də bunu başa düşür. Hərbi hazırlıqlarını artırır".
Bu durumda politoloq hesab edir ki, Türkiyənin də İranın üzərinə getməsi siyasi təzyiq vasitəsidir:
"Türkiyənin Suriya məsələsini tamamilə həll etdikdən, yəni PKK-nı tam neytrallaşdırdıqdan sonra İranın ətrafdakı qol-qanadını qırmaq üçün hərəkətə keçəcəyi mütləq görünür".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub. Nazir deyib ki, İranın regional siyasəti yanlışdır, bu siyasət bəzən qələbələr də gətirə bilər, ancaq uzunmüddətli perspektivdə İrana və regiona ağır başa gəlir:
"Əgər siz (İran-red.) başqa ölkədəki bir qrupa dəstək verməklə narahatlıq yaratmağa çalışırsınızsa, başqa bir ölkə də sizin ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək. Bu o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmır. Başqa insanlar sizin malik olduğunuz qabiliyyətlərə malikdirlər. Odur ki, sənin şüşənə daş atılmasını istəmirsənsə, başqalarının şüşəsinə daş atma”.
Fidanın bu açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirərək qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər:
"Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”. Daha sonra isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıç XİN-ə dəvət edilib, xarici işlər nazirinin müavini Mahmud Heydəri ilə görüşüb, Fidanın açıqlamalarına bu cür etiraz edilib:
"İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.
Maraqlıdır ki, bu günlərdə Türkiyə və İranın yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlaya biləcəyi barədə "Nəşnl İnterest” (Nİ) məqalə yazıb. İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Konqres üzvlərinin hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir:
"Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.
Rüfət Sultan
Şərhlər