Avropanın enerji xərcləri Yaxın Şərqdəki münaqişə fonunda kəskin şəkildə artıb. Müharibə Avropa İttifaqının (Aİ) büdcəsinə ciddi təsir göstərib və yanacaq idxalı xeyli bahalaşıb. Münaqişənin cəmi 60 günü ərzində eyni həcmdə alışlara baxmayaraq xərclər 27 milyard avrodan çox artıb.
Qaynarinfo xəbər verir ki, bu rəqəmləri Strasburqda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlayıb.
Avropa Parlamentinin deputatları, Şura və Komissiya nümayəndələri Yaxın Şərqdəki böhranın nəticələrini müzakirə ediblər. Ursula fon der Lyayen çıxışında bildirib:
"Cəmi 60 gün ərzində münaqişə nəticəsində fosil yanacaq idxalına çəkdiyimiz xərc 27 milyard avrodan çox artıb, halbuki biz əlavə bir dənə də olsun enerji resursu əldə etməmişik".
Avropa Komissiyasının sədri qeyd edib ki, Avropa fosil yanacaq idxalından asılılığı azaltmalıdır. Onun sözlərinə görə, qitəyə daha çox əlçatan və təmiz daxili enerji sistemi lazımdır. O, nümunə kimi İsveçi göstərib: burada elektrik enerjisinin böyük hissəsi bərpa olunan mənbələrdən və atom elektrik stansiyalarından istehsal olunur. Nəticədə enerji qiymətləri digər ölkələrlə müqayisədə daha az artıb.
Aİ nəqliyyat, sənaye və istilik sektorunda fosil yanacaqlardan elektrik enerjisinə keçidi sürətləndirməyi planlaşdırır. Üzv dövlətlər bu istiqamətdə öz tədbirlərini müəyyən edəcəklər. Avropa Komissiyası ötən həftə bir sıra təkliflər təqdim edib: aztəminatlı ailələr üçün enerji vauçerləri, enerji qənaətli məhsullara maliyyə dəstəyi və enerji səmərəliliyi ilə bağlı maarifləndirmə kampaniyaları. Fon der Lyayen vurğulayıb ki, yardım ən çox zərər görən ailə və sahələrə yönəlməli və qaz və neft istehlakını artırmamalıdır.
Avropa Komissiyasının məlumatına görə, Rusiya-Ukrayna müharibəsindən sonra başlayan enerji böhranı dövründə Aİ-nin təcili yardım paketlərinin yalnız dörddə biri həqiqətən ehtiyacı olan vətəndaşlara və müəssisələrə çatıb. 350 milyard avrodan çox vəsait isə hədəflənməmiş proqramlara sərf olunub.
Aydın
Şərhlər