ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culiya Davis yaxın vaxtlarda vəzifəsindən ayrılacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott "Suspilne”yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, diplomatın istefasının ABŞ prezidenti Donald Tramp ilə fikir ayrılıqları ilə bağlı olması barədə yayılan iddialar həqiqəti əks etdirmir. Piqott bildirib ki, Davis Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında davamlı sülhün təmin olunmasına yönəlmiş səylərini daim dəstəkləyib.
"Culiya Davis 30 illik uğurlu diplomatik karyerasını başa vuraraq təqaüdə çıxır. O, 2026-cı ilin iyun ayında Kiyevdən rəsmi şəkildə ayrılana qədər prezidentin siyasətini dəstəkləməyə davam edəcək”, – deyə sözçü qeyd edib.
İstefa ilə bağlı iddialar
Bundan əvvəl "Financial Times" qəzeti diplomatın vəzifədən ayrılmasının səbəbi kimi Tramp administrasiyası ilə fikir ayrılıqlarını və Ukraynaya dəstəyin zəifləməsini göstərmişdi.
Məlumata görə, Davis yaxın həftələrdə Kiyevi tərk etməyi və təxminən 30 illik diplomatik fəaliyyətini başa vurmağı planlaşdırır.
O, 2025-ci ilin may ayından etibarən ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra edirdi və artıq Dövlət Departamentinə istefa qərarı barədə məlumat verib.
Nəşr həmçinin qeyd edib ki, diplomat tutduğu vəzifədən və bəzi idarəetmə qərarlarından narazı olub. Bildirilir ki, o, bir sıra kadr təyinatları barədə məlumatı mediadan öyrənib ki, bu da onun narazılığına səbəb olub.
Günay
Şərhlər