Xəbər lenti

Ötən il rekord dərəcədə isti olub, gələn il daha da isti olacaq - El-Ninonun təsiri
Dünya 13:00 29.04.2026

Ötən il rekord dərəcədə isti olub, gələn il daha da isti olacaq - El-Ninonun təsiri

2025-ci il Avropada müşahidələr tarixində ən isti dövrlərdən biri olub. Ümumdünya Meteorologiya Təşkilatı və "Copernicus” proqramının məlumatlarına görə, demək olar ki, bütün qitə iqlim normasından daha isti qeydə alınıb və bəzi göstəricilərə əsasən il rekordlar sırasına daxil olub.

Qaynarinfo xəbər verir ki, "Politico”nun yazdığına görə, istilik həm quruda, həm də dənizlərdə ciddi nəticələrə səbəb olub: güclü istilik dalğaları, genişmiqyaslı meşə yanğınları, quraqlıqlar və buzlaqların sürətli əriməsi qeydə alınıb. Dəniz suyunun temperaturu ardıcıl dördüncü ildir rekord səviyyələrə yaxınlaşıb, 2025-ci il isə 1990-cı illərin əvvəlindən bəri ən quraq illərdən biri olub.

Alimlərin məlumatına əsasən, Avropanın 99 faizə qədər ərazisi yüksək temperaturla üzləşib və ilk dəfə demək olar ki, bütün qitə iqlim normasından yuxarı istiləşib. Eyni zamanda, Avropa qlobal orta göstəricidən daha sürətlə isinən region olaraq qalır.

Əlavə narahatlıq yaradan amil El-Nino hadisəsidir. Mütəxəssislərin proqnozuna görə, bu təbii iqlim fenomeni yaxın illərdə qlobal istiləşməni daha da gücləndirə bilər. O, XXI əsrin ən güclü El-Nino hadisələrindən biri ola bilər və 2027-ci ilə qədər yüksək temperatur riskini artıra bilər.

Alimlər artıq 2026-cı ilin tarixdə ən isti illərdən biri ola biləcəyini bildirirlər. Nisbətən soyuq qışa baxmayaraq, temperatur sürətlə yüksəlir — mart ayı Avropada müşahidələr tarixində ən isti aylardan biri olub.

Hesabat həmçinin Avropada meşə yanğınlarının sahə və emissiya baxımından rekord səviyyəyə çatdığını, buzlaqların isə ciddi şəkildə azaldığını göstərir. Məsələn, Qrenlandiya buz qalxanı 139 giqaton buz itirib ki, bu da hər saat 100 Olimpiya hovuzuna bərabər həcmdə ərimə deməkdir.

Bundan başqa, şaxtalı günlərin sayı da azalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Avropa digər regionlara nisbətən daha sürətlə isinir və ciddi tədbirlər görülməzsə, iqlim dəyişikliyinin nəticələri daha da kəskinləşəcək.

Aydın
--> -->