Xəbər lenti

Zəlzələlərin yeraltı mikro orqanizmlərə təsiri açıqlandı - 6.5 dəfə...
Dünya 22:43 12.02.2026

Zəlzələlərin yeraltı mikro orqanizmlərə təsiri açıqlandı - 6.5 dəfə...

Alimlər müəyyən ediblər ki, zəlzələlər təkcə süxurları deyil, həm də yerin dərin qatlarında yaşayan mikroorqanizmləri dəyişir
 
Qaynarinfo xəbər verir ki, araşdırmalara görə, Yer kürəsində həyatın təxminən 30 faizi heç vaxt Günəş işığı görmür. Bu orqanizmlər enerjini su ilə süxurlar arasında baş verən kimyəvi reaksiyalar nəticəsində ayrılan hidrogen vasitəsilə əldə edirlər. Zəlzələlər süxurları çatladır, yeni reaksiya səthləri yaradır və yeraltı suların hərəkət istiqamətini dəyişir. Nəticədə hidrogen istehsalı artır və mikroorqanizmlər üçün sanki enerji partlayışı baş verir.

Araşdırma "PNAS Nexus" jurnalında dərc olunub. Tədqiqat çərçivəsində alimlər Yellowstone Milli Parkında, təxminən 100 metr dərinlikdə yerləşən sondaj quyusunun dibində prosesi izləyiblər. Komanda yeddi ay ərzində test sahəsinə yeddi dəfə, ümumilikdə 10 saatlıq gediş-gəliş yürüşləri edib. Bu müddətdə süxur nümunələri, həll olmuş qazlar və mikroblar toplanıb, texniki nasazlıqlar və logistika çətinlikləri aradan qaldırılıb.

Araşdırmanın ən mühüm məqamlarından biri isə ölçmələrin vaxtında aparılması olub. Tədqiqat qrupu "Yellowstone"da nadir hallarda rast gəlinən və 2 182 zəlzələdən ibarət güclü "zəlzələlərin” başlanğıcını və sonunu qeydə ala bilib.

Mikroorqanizmlərdə dəyişiklik

Nəticələrə əsasən, zəlzələlər zamanı yeraltı mikroorqanizmlərin miqdarı 6,5 dəfə artıb, sarsıntılar bitdikdən sonra isə yenidən normal səviyyəyə qayıdıb. Eyni dövrdə hidrogen səviyyəsində yüksəliş müşahidə olunub və mikrob növlərinin tərkibində dəyişiklik baş verib.

Alimlərin fikrincə, bu nəticələr təkcə Yer üçün deyil, digər planet və peyklərdə yeraltı həyatın axtarışı baxımından da əhəmiyyətlidir. Rhode Island Universitetinin əməkdaşı, dəniz dibinin altındakı həyat formalarını araşdıran və tədqiqata qatılmayan Stiven D’Hondt Scientific American nəşrinə bildirib ki, seysmik baxımdan aktiv bölgələrdə yeraltı həyatın tapılması daha mümkün ola bilər: "Bu nəticələri digər planet və peyklərə tətbiq etdikdə, yeraltı həyatın aktiv seysmik zonalarda daha asan aşkar edilə biləcəyini deyə bilərik. Möhtəşəm araşdırmadır”.

Bununla belə, bütün mütəxəssislər nəticələrin Marsda həyat axtarışını köklü şəkildə dəyişəcəyini düşünmür. Fransanın LATMOS tədqiqat mərkəzindən astrobioloq Karolin Freissine araşdırmanın Yer kürəsini anlamaq baxımından çox dəyərli olduğunu vurğulasa da, Marsın "cəhənnəm kimi yeraltı şəraiti” səbəbindən təsirin məhdud ola biləcəyini qeyd edib.
 
Günay
--> -->