İsveçrə əhalisinin sayını 10 milyon nəfərlə məhdudlaşdırmaq məqsədilə referendum keçirəcək.
Qaynarinfo xəbər verir ki, 14 iyunda planlaşdırılan səsvermədə ölkənin 2050-ci ilə qədər əhalisinin 10 milyon nəfəri keçməməsi üçün qanuni tənzimləmələr müzakirəyə çıxarılacaq.
İsveçrədə 100 min imzaya çatmış təşəbbüslər avtomatik olaraq səsverməyə çıxarılır. Sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən dəstəklənən bu təşəbbüs, əhalinin sayının çox olması infrastruktur üzərində yük yaratdığını, kirayələri artırdığını və "İsveçrə kimliyini” zəiflətdiyini iddia edir.
Hazırda İsveçrədə əhalinin sayı 9,1 milyon nəfərdir. Əgər referendumda əhalinin sayının artmaması ilə bağlı qərar qəbul edilərsə, ölkə əhalisi 9,5 milyon nəfərə çatdıqda hökumət qaçqın qəbulunda və ailələrlə bağlı məhdudlaşdırıcı tədbirlər görməli olacaq.
Bu tədbirlər arasında əhalisi 9,5 milyonu keçdikdən sonra xarici vətəndaşların daimi yaşayış icazəsi almasının çətinləşdirilməsi və İsveçrə ilə Avropa İttifaqı arasında sərbəst hərəkəti təmin edən sazişin nəzərdən keçirilməsi gözlənilir.
Dekabr ayında aparılan sorğuya görə, əhalinin 48 faizi əhali sayının çoxalmamasını dəstəkləyir, 41 faizi isə qarşı çıxır.
Hökumət və Parlament təşəbbüsə qarşı olsa da, 100 mindən çox İsveçrə vətəndaşının referendum üçün imza toplaması səbəbindən proses avtomatik olaraq başlayıb.
İsveçrə Federal Şurası bu addımın ölkə ilə Avropa İttifaqı arasındakı kritik iqtisadi əməkdaşlığı poza biləcəyinə dair xəbərdarlıq edib.
Ölkənin qlobal şirkətləri də bu təşəbbüsə qarşı çıxır. Şirkətlər bildirir ki, xarici mütəxəssislərə çıxışın məhdudlaşdırılması innovasiyanın yavaşlamasına və vergi gəlirlərinin azalmasına səbəb ola bilər.
Eyni zamanda, Avropa İttifaqı və Avropa Azad Ticarət Birliyi ölkələrindən gələn işçilərin İsveçrə pensiya sisteminə töhfə verdiyi, ölkəyə gələnlərin dayanmasının sosial sığorta fondlarını maliyyə böhranına sürükləyə biləcəyi vurğulanır.
Hazırda əhalisinin 27 faizi xarici vətəndaşlardan ibarət olan İsveçrədə 15 yaşdan yuxarı sakinlərin 40 faizi mühacir mənşəlidir. Bu qrupun böyük əksəriyyəti digər Avropa ölkələrindən gələn şəxslərdir.
Günay
Şərhlər