Xəbər lenti

Ölkə 17:31 12.02.2026

"Sosial şəbəkələrdə qeyri-etik paylaşımlara, canlı yayımlara nəzarət gücləndirilir" (AÇIQLAMA)

Son dövrlər sosial şəbəkələrdə canlı yayım açan bəzi şəxslərin qeyri-etik ifadələr işlətməsi, təhqir və ictimai əxlaqa zidd davranışlar nümayiş etdirməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə azyaşlı və yeniyetmələrin bu yayımları izləməsi məsələnin aktuallığını daha da artırır.

Mövzu ilə bağlı sosial mediada aktiv fəaliyyət göstərən Xüsusi.Tv saytının baş redaktoru Asim Abdullayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, sosial şəbəkələr müasir dövrdə ən güclü təsir vasitələrindən birinə çevrilib və burada səsləndirilən hər bir fikir geniş auditoriyaya təsir göstərir:

"Bu gün bir nəfər telefon vasitəsilə canlı yayım açaraq saniyələr içində minlərlə, hətta on minlərlə insana çıxış əldə edir. Bu, böyük imkan olmaqla yanaşı, böyük məsuliyyətdir. Təəssüf ki, bəzi şəxslər izləyici toplamaq və diqqət çəkmək naminə qeyri-etik ifadələrə, təhqirə və aqressiv davranışlara yol verirlər.”

Baş redaktor qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu cür məzmun xüsusilə formalaşma mərhələsində olan yeniyetmələr üçün təhlükəli nümunə yaradır:

"Yeniyetmə yaş dövründə insan gördüyü və eşitdiyi davranışları tez mənimsəyir. Əgər sosial mediada populyar olan şəxslər söyüşü, təhqiri və kobudluğu adi ünsiyyət forması kimi təqdim edirsə, bu, bir müddət sonra gənclər arasında normal davranış modeli kimi qəbul edilə bilər. Bu isə cəmiyyət üçün ciddi siqnaldır”.

Onun sözlərinə görə, sosial medianın təsir gücü televiziya və digər ənənəvi media vasitələrindən heç də az deyil, bəzi hallarda daha geniş auditoriyanı əhatə edir.

Asim Abdullayev xüsusi olaraq vurğulayıb ki, bu kimi hallara qarşı dövlət tərəfindən prinsipial mövqe nümayiş etdirilir:

"Son dövrlər sosial şəbəkələrdə baş verən hüquqazidd hallarla bağlı ciddi nəzarət həyata keçirilir. Xüsusilə Daxili İşlər Nazirliyi gücləndirilmiş rejimdə fəaliyyət göstərir və qanun pozuntusuna yol verən şəxslərlə bağlı operativ tədbirlər görülür".

O əlavə edib ki, DİN-in Mətbuat Xidməti baş verən hadisələrlə bağlı ictimaiyyətə vaxtında və rəsmi açıqlamalar təqdim edir:

"Bu da göstərir ki, məsələ diqqət mərkəzindədir və heç bir qanun pozuntusu nəzarətsiz qalmır”.

Baş redaktor bildirib ki, internet mühitinin nəzarətsiz olması ilə bağlı düşüncələr yanlışdır:

"Açıq təhqir, şərəf və ləyaqətin alçaldılması, ictimai qaydanın pozulması və digər hüquqazidd hərəkətlər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Qanun qarşısında hər kəs bərabərdir.”

Onun sözlərinə görə, məqsəd kimisə susdurmaq deyil, ictimai nizam-intizamı və mənəvi dəyərləri qorumaqdır.

Asim Abdullayev valideynlərə də çağırış edib:

"Valideynlər övladlarının izlədiyi məzmuna diqqət yetirməlidir. Platformalar daxili qaydalarını daha ciddi tətbiq etməlidir. Ən əsası isə hər bir vətəndaş anlamalıdır ki, sosial şəbəkədə çıxış edərkən artıq ictimai məsuliyyət daşıyır”.

O vurğulayıb ki, reytinq və baxış sayı naminə etik sərhədlərin aşılması nə cəmiyyətə, nə də həmin şəxsin öz nüfuzuna xeyir gətirir:

"Azad söz vacibdir, lakin azadlıq məsuliyyətlə müşayiət olunmalıdır. Dövlət qurumlarının, xüsusilə Daxili İşlər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi operativ və prinsipial fəaliyyət cəmiyyətdə hüquqi nizamın qorunmasına xidmət edir.”

--> -->