Xəbər lenti

Yamalo-Nenetsdə azərbaycanlı miqrantları nə gözləyir? - İqtisadçı ekspert
Ölkə 16:30 19.08.2025

Yamalo-Nenetsdə azərbaycanlı miqrantları nə gözləyir? - İqtisadçı ekspert

Sentyabrın 1-dən Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan işçilər üçün yeni əmək məhdudiyyətləri tətbiq ediləcək. Bu üç ölkədən olan şəxslərə topdansatış və pərakəndə ticarətlə məşğul olmaq, həmçinin nəqliyyat vasitələrinin, o cümlədən motosikllərin təmiri qadağan ediləcək. Sözü gedən məhdudiyyətlər patentlə işləyən xaricilərə aiddir.

Həmin vilayətdə yaşayan azərbaycanlıları nə gözləyir?

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib:

"Bu yalnız "patentlə işləyən” (müvəqqəti iş icazəsi ilə çalışan) miqrantlara aiddir. Daimi yaşayış icazəsi və ya Rusiya vətəndaşlığı olanlara şamil olunmur. Qərarın azərbaycanlılara təsirinə gəldikdə, hazırda Yamal bölgəsində minlərlə azərbaycanlı məhz mağazalarda satıcı, avtomobil təmiri ustası, avtonəqliyyat xidmətçisi kimi çalışır. Bu qadağa qüvvəyə mindikdən sonra patentlə həmin işdə işləyənlər qanunsuz statusa düşəcək. Onlar ya peşəsini dəyişməli, ya da başqa regiona köçməli olacaqlar. Qadağan edilən sahələrdən kənarda, məsələn, tikinti, kənd təsərrüfatı, məişət xidməti, ictimai iaşə (kafelər, restoranlar), anbar işləri kimi sahələrdə işləmək mümkün olacaq”.
 


Akif Nəsirli əlavə edib ki, məhdudiyyətlərin səbəblərini Rusiya KİV və ekspertlər bir neçə amillə izah edir:

"Bunlardan birincisi daxili işçi qüvvəsini qorumaq və bölgədə yerli əhalinin işlə təminatını artırmaq olduğu bildirilir. Sosial gərginliyi azaltmaq - hökumətin təbirincə, xüsusilə ticarət və xidmət sahələrində miqrantların üstünlük təşkil etməsi yerli əhalidə narazılıq yaradır. Kriminal və kölgə iqtisadiyyatına qarşı mübarizədə səbəblərdən biri kimi göstərilir. Rus ekspertlər iddia edir ki, bəzi patentlə çalışanlar vergidən yayınır, saxta qeydiyyat və nəzarətsiz işləyir”.

Ekspert bu məsələdə həm də siyasi mesajın olduğunu önə çəkib:

"Son illər Rusiyanın mərkəzi və şimal bölgələrində miqrantlara münasibətdə sərtləşmə siyasəti müşahidə olunur. Azərbaycanlı işçilər üçün alternativlər aşağıdakılar ola bilər. Peşə dəyişikliyi edərək tikinti, yol, enerji sektoruna üz tuta bilərlər. Yamalda bu istiqamətdə daim işçi qüvvəsinə tələbat var. Moskva, Peterburq və ya digər şəhərlərdə bu məhdudiyyətlər eyni səviyyədə deyil (amma bəzi regionlarda oxşar qaydalar tətbiq olunur), azərbaycanlılar həmin regionlara köcə bilər. Eyni zamanda, rəsmi status almaq olar. Daimi yaşamaq və işləmək üçün RVP, VNXJ və ya vətəndaşlıq müraciəti edənlər məhdudiyyətlərdən azad olacaq”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->