ABŞ-ın xarici dövlətlərə yardımını azaltması və Donald Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaları Rusiya tərəfindən oğurlanmış minlərlə ukraynalı uşağın axtarışını çətinləşdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Şurasının deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması üzrə səylərinə rəhbərlik edən səfir Tordis Kolbrun Reykyfyord Qülfaddottir "Politico”ya müsahibəsində
bildirib.
O qeyd edib ki, ABŞ-ın bu uşaqların axtarışı üzrə proqramlara maliyyə dəstəyini dayandırmasının artıq mənfi təsirləri hiss olunmağa başlayıb. Maliyyələşmədəki fasilələr bu sahədə fəaliyyət göstərən təşkilatların işinə qeyri-müəyyənlik və çətinlik gətirir.
Bəzi təşkilatlar izləmə məlumatlarının bir hissəsini saxlaya bilib. Məsələn, Yel Universitetinin İctimai Sağlamlıq Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası ukraynalı əməkdaşlarını iyulun 1-dən işdən çıxarmağa hazırlaşırdı. Lakin son anda edilmiş özəl ianələr sayəsində laboratoriya oktyabr ayına qədər fəaliyyətini davam etdirə biləcək.
"Avropa ölkələri bu işi maliyyələşdirməli olacaq. Biz uşaqları izləməyi dayandırıb, bir neçə ay sonra yenidən başlaya bilmərik. Bu proses fasiləsiz davam etməlidir”, – deyə Qülfaddottir bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq etdiyi sanksiyalar da Rusiyanı bu oğurluqlara görə məsuliyyətə cəlb etməyi çətinləşdirir.
"İnsanlar qaydalara əsaslanan beynəlxalq hüquq nizamını dəstəkləmək üçün müstəqil məhkəmələrlə əməkdaşlıq etməkdən çəkinirlər, çünki ABŞ administrasiyasının reaksiyasından qorxurlar”, – deyə o vurğulayıb.
Səfir əlavə edib ki, uşaqların azad olunması Ukraynada müharibənin yekun həlli prosesinin ayrılmaz hissəsidir:
"Bu, müzakirə mövzusu ola bilməyəcək qədər fundamental məsələdir — bu uşaqlar qaytarılmalıdır”, – deyə Qülfaddottir bildirib.
Xatırladaq ki, mart ayında Tramp administrasiyası ABŞ-ın xarici ölkələrə yardımı ilə bağlı xərcləri dondurmaq qərarının tərkib hissəsi kimi, oğurlanmış ukraynalı uşaqların izlənməsi proqramlarına ayrılan vəsaiti də kəsmişdi.
Daha sonra həmin ayın sonunda ABŞ Dövlət Departamenti maliyyələşmənin bərpa olunduğunu açıqlasa da, bu yalnız qısa müddət üçün həyata keçirildi. Hüquq müdafiəçiləri isə xəbərdarlıq ediblər ki, bu vəziyyət uşaqların yeri və rifahını izləyən qrupların işini ciddi şəkildə poza bilər.
Alpər
Şərhlər