Xəbər lenti

Maliyyə amnistiyası: Azad sahibkarlığın açarı - Onsuz inkişaf yoxdur (MÜSAHİBƏ)
Ekonomiks 16:29 18.07.2025

Maliyyə amnistiyası: Azad sahibkarlığın açarı - Onsuz inkişaf yoxdur (MÜSAHİBƏ)

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Azad sahibkarlıq və liberal iqtisadiyyat müasir dövrün inkişaf etmiş iqtisadi sistemlərinin təməl prinsiplərini təşkil edir. Lakin bu prinsiplərin reallıqda tətbiqi hər ölkənin iqtisadi-siyasi strukturundan asılı olaraq fərqli şəkildə həyata keçirilir. Azərbaycanda da illərdir bazar iqtisadiyyatına keçid elan olunsa da, bu keçid və sahibkar, sahibkarlığın həqiqətən "azad" olub-olmadığı hələ də müzakirə mövzusudur.

Mütəxəssislər qeyd edirlər ki, liberal iqtisadiyyatın formalaşması üçün ilk növbədə sistemli islahatlara və həqiqi maliyyə amnistiyasına ehtiyac var.

Qaynarinfo Azərbaycanda sahibkarlığın real durumu, liberal iqtisadiyyatın tətbiqi imkanları və sahibkarların qarşılaşdığı maneələri iqtisadçı ekspert Akif Nəsirli ilə müzakirə edib.

- Akif bəy, azad sahibkarlıq anlayışı iqtisadiyyatda nəyi ifadə edir və liberal iqtisadiyyatla necə bağlıdır?

- Azərbaycan iqtisadiyyatında sahibkarlıq başqa bir mövzu, liberal iqtisadiyyat da başqa mövzudur. Ona görə ki, Azərbaycanda liberal iqtisadiyyat mövcud deyil. İnzibati amirlik sistemində sahibkarlıqla yalnız hökumət məşğul olurdu. Yəni, bütün istehsal müəssisələri və s. dövlətin mülkiyyətində idi. İnsanlar yalnız orda əmək sərf edirdi və bunun da qarşılığında maaş alaırdı. Amma bazar iqtisadiyyatına keçidlə sahibkarlıq məfhumu ortaya çıxdı. Bu gün dövlətin də əlində sahibkarlıq imkanları var, amma bununla yanaşı özəl sektor da mövcuddur. Özəl sektorda sahibkarlar azad deyil. Onlara bəzi məmurların çox ciddi təsir imkanları var. Hazırda dövlət inhisarçılığı mövcuddur. Digəri isə məmur şirkətlərinin inhisarçılığıdır. Bu iki inhisarın arasında nisbətən müstəqil olan sahibkarlar var. Onlar da tam azad deyil, müəyyən səlahiyyətləri var. Azərbaycan iqtisadiyyatının inkişafının qarşısını alan əsas amillərdən biri məhz inhisarçılıqdır. Digər sahibkarlar isə bu iki inhisarçının qoyduğu qaydalara uyğun fəaliyyət göstərir və orta sinif deyilən az bir qismin başqa imkanları yoxdur. Bunun əksinə olaraq, hökumət iqtisadiyyatdan çəkilməli, rəqabət mühiti yaradılmalı və qanunlarda da dəyişiklik olmalı, sahibkarlara azadlıq, müstəqillik verilməlidir. 
 


- Liberal iqtisadiyyat modelinin əsas prinsipləri dedikdə nə nəzərdə tutulur və Azərbaycan iqtisadiyyatında bunlardan hansı tətbiq olunur? Bizim üçün hansı ölkənin liberal iqtisadiyyat modeli nümunə ola bilər? 

- Liberal iqtisadiyyat qurmaq üçün münbit şərait yaradılmalıdır. Qanunların aliliyi təmin edilməli, mülkiyyətə real zəmanət olmalıdır. Yəni, sahibkarın mülkü əlindən alına, o nəyisə itirə bilməz. İtirərsə də, müstəqil məhkəmələr onun haqqını bərpa etməlidir. Bazarda "amansız” rəqabət hökm sürməlidir. Hansı sahibkar daha çox bacarıqlıdırsa, o inkişaf etsin, o qazansın. İndi ciddi inzibati nəzarət və inhisarçılıq mövcuddur. Ona görə də belə bir iqtisadi modeldə liberal iqtisadiyyatın formalaşması mümkün deyil. Bunun üçün islahatlar aparılmalı, qaydalar dəyişməlidir. Hökumət elan etməlidir ki, bir bazar seqmentində bir sahibkarın 2.000.000 manatdan çox vəsaiti yatırsa, o, inhisarçı ola bilməz. Müəyyən məhdidiyyətlər qoyulmalı, həmin məhdudiyyəti gözardı edən sahibkarın artıq kapitalı müsadirə edilməli və ya onun haqqında başqa tədbir görülməlidir. 

Azərbaycan üçün liberal iqtisadiyyat model nümunəsi kimi isə Avropa ölkələrinin hamısını göstərmək olar. Elə Gürcüstan, Qazaxıstan iqstisadiyyat modelini də bizə misal çəkmək olar. Əsas olan isə iqtisadi bacarığı olan insanların öz bacarıqlarını nümayiş etdirməsi üçün şərait yaradılmalıdır.
 
- Sahibkarların qarşılaşdığı ən ciddi problemlər sırasında, sizcə, birinci yerdə nə dayanır, vergi yükü, rüşvət, bazara çıxış, yoxsa digərləri?

- Bu gün inhisarçı şirkətlərin sahibkarlıqla məşğul olması üçün heç bir çətinlik yoxdur. Ancaq inhisarçılar fəaliyyət göstərmək üçün orta seqmentə problem yaradır. Ölkədə sahibkarlar üçün vergi yükü çox ağırdır, bazara çıxış da monopoliya tərəfindən məhdudlaşdırılır. 

- Akif bəy, dediklərinizdən belə anlaşılır ki, sahibkarlar Azərbaycanın inkişafının, onun iqtisadiyyatın əsas sütunudur. Bəs sahibkarları qorumaq üçün dövlətin rolu nədən ibarət olmalıdır?

- Sahibkarları qorumaq üçün dövlət qanunun aliliyini və məhkəmələrin müstəqilliyini, mülkiyyətə zəmanəti təmin etməlidir. Qeyd edim ki, Azərbaycanda maliyyə amnistiyasına ciddi şəkildə ehtiyac var. Bütün dünyada sistem dəyişikliyi olanda varlıların ilk bir milyonu heç də şəffaf mənbələrdən formalaşmır. Amma zaman keçdikcə amnistiya verilir, milyonçular leqallaşdırılır. Bu həm milyonçuların sərbəst fəaliyyətinə şərait yaradır, həm hökumətə ödənilən vergilərin həcmi artır. Bu gün Azərbaycanda kifayət qəsər qeyri-rəsmi milyonçu var. Onların leqallaşması isə ona görə baş vermir ki, "bu milyonları hardan almısan?” sualına cavab vermək üçün mütləq maliyyə amnistiyası olmalıdır. Maliyyə amnistiyası həm də ölkə daxilində investisiya imkanlarını bir neçə dəfə genişləndirə bilər. Bu maliyyə amnistiyası çox vacib məsələdir. Liberal iqtisadiyyata gedən yolda bəlkə də atılacaq ilk addım olmalıdır. 

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->