Xəbər lenti

Azərbaycan MDB-nin iclasından imtina etdi
Siyasət 15:53 18.07.2025

Azərbaycan MDB-nin iclasından imtina etdi

Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasına məhəl qoymayıb.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Qeyd edək ki, adətən MDB iclaslarında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

"Yaqub Eyyubov sözügedən tədbirdə iştirak etməyəcək. İmtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir”, – mənbə qeyd edib.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərdə reydlər keçirib. Reydlər zamanı azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.

Azərbaycan XİN rəsmisi bu məsələni şərh edərkən bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı insidentə gəlincə, Azərbaycan Rusiyadan ötən ilin sonunda Rusiya hava məkanında vurulan "Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarə ilə bağlı faciənin tam və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını və zərərçəkənlərə təzminatın ödənilməsini gözləyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatında bildirilib ki, zəruri addımların atılmaması, hadisələrin həqiqi mahiyyətinin təhrif edilməsinə cəhdlər, eləcə də Rusiyanın rəsmi şəxsləri və KİV-ləri tərəfindən "Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarənin vurulmasından sonra Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyası qəbuledilməzdir.

Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb", - XİN-dən bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->